×
A
A
A
Sazlamalar

Norveçdə fəaliyyət göstərən CAN diaspor təşkilatının sədri bu ölkənin Xarici İşlər Nazirliyində görüş keçirib

Stokholm, 21 avqust, Rauf Əliyev, AZƏRTAC

Norveçdə fəaliyyət göstərən CAN diaspor təşkilatının sədri Şervin Nəcəfpur bu ölkənin Xarici İşlər Nazirliyinin baş məsləhətçisi Kristian Svanes ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə K.Svanesə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə Norveçin töhfələri və bu ölkədəki diasporumuzun fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Rəhbərlik etdiyi təşkilatın fəaliyyətləri haqda məlumat verən Şervin Nəcəfpur görülən iş nəticəsində həm Norveçi, həm də Azərbaycanı tanıtmağa çalışdıqlarını bildirib. O, Norveçdə yaşayan azərbaycanlıların, xüsusilə burada doğulub boya-çatanların hər iki ölkənin tarixinin və dəyərlərinin daşıyıcıları olduqlarını, diasporumuzun hər iki ölkəni bir-biri ilə daha da yaxınlaşdırdığını bildirərək, Norveç hökuməti tərəfindən daha çox dəstəyin verilməsinin əhəmiyyətini vurğulayıb.
Ş.Nəcəfpur Norveçin 2020-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyini xatırladaraq, bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həlli üçün daha fəal addımların atılması ilə beynəlxalq sülhyaratma işinə töhfə verə biləcəyini vurğulayıb.
Azərbaycan Respublikasının sülh yönümlü siyasətə üstünlük verdiyini vurğulayan diaspor fəalı Ermənistan silahlı qüvvələrinin ölkəmizin ərazilərinin 20 faizdən çox hissəsini hələ də işğal altında saxladığını, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü qeyd edib. O, bu barədə həqiqətlərin Norveç mətbuatında da geniş işıqlandırılmasının və ölkə ictimaiyyətinin diqqətinə daha geniş çatdırılmasının vacibliyini vurğulayıb.
Görüşdə digər məsələlər ətrafında da müzakirələr aparılıb.

 

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Diaspor 2020-08-21 07:31:00