×
A
A
A
Sazlamalar

Ramil Məmmədli: Araik Arutyunyan əsassız bəyanatlar verərkən Azərbaycanın hərbi qüdrətini diqqətlə analiz etməlidir

Bakı, 18 avqust, AZƏRTAC 

Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş Qarabağ bölgəsində yaradılmış qondarma rejimin “başçısı” Araik Arutyunyanın Gəncə şəhərinə havadan zərbə endirəcəkləri ilə bağlı hədələyici bəyanatının tezisləri ona İrəvandakı və xaricdəki havadarlarından gəlib.
Bunu AZƏRTAC-a açıqlamasında Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi icmalçı Ramil Məmmədli deyib.
R.Məmmədli bildirib: “Erməni ictimaiyyətinə hesablanmış bu cür bəyanatları çox eşitmişik. Bəllidir ki, ermənilərin bu addımı atmaq üçün nə siyasi iradəsi, nə də hərbi gücü kifayət deyil. Lakin özünü guya sülhpərvər-demokrat kimi göstərən indiki Ermənistan hakimiyyəti bu cür bəyanatlarla nəinki danışıqların effektivliyinə xələl gətirir, hətta bölgədə müharibənin yenidən alovlanmasına təkan verir. Digər tərəfdən, Ermənistan bu cür bəyanatlarla dinc azərbaycanlılara qarşı 1990-cı illərin əvvəllərində törətdikləri cinayətkar əməllərini davam etdirmək niyyətlərini açıq şəkildə bəyan edirlər. Bu, bir daha onun göstəricisidir ki, Ermənistan dinc vətəndaşlara qarşı vəhşi və qeyri-insani xislətini gizlədə bilmir. Əslində Ermənistan hərbi birləşmələri qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini dəfələrlə atəşə tutublar. Sonuncu belə hadisə iyulda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verdi və nəticədə ahıl yaşlı azərbaycanlı mülki şəxs ermənilərin açdığı atəş nəticəsində həlak oldu”.
Ermənistan tərəfindən bu qəbildən bəyanatların tez-tez səsləndirildiyini vurğulayan R.Məmmədli qeyd edib: “İstər Gəncəyə havadan zərbə endirilməsi, istərsə də bu tərzdə hədələri beynəlxalq təşkilatlar tərəfindən araşdırılmalı və Ermənistandan izahat verilməsi tələb olunmalıdır. Təəssüf doğuran məqamlardan biri də odur ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT-in Minsk Qrupu da bu məsələdə hərəkətsizlik nümayiş etdirirlər. Ermənistan silahlı qüvvələrinin bölmələrinin təmas xəttindəki təxribatları və hədələri cavabsız qalır, belə halların təkrarlanmaması üçün işğalçı tərəfə heç bir xəbərdarlıq edilmir. ATƏT-in Minsk Qrupundan tələb olunmalıdır ki, separatçı ermənilərin hərbi cinayət tərkibi daşıyan hədələrə və təxribatlara ədalətli reaksiya bildirsin. Əks təqdirdə, bütün hadisələri susaraq ancaq müşahidə edən belə bir vasitəçi qurum Azərbaycana lazım deyil.
Digər tərəfdən, Ermənistan unutmamalıdır ki, Azərbaycan hava sərhədlərini ən yüksək səviyyədə qoruyan ölkələrdən biridir. Azərbaycanın Hava Hücumundan Müdafiə Qüvvələri bunun üçün zəruri silah və texnika kompleksləri ilə təchiz olunub. Bundan başqa, Azərbaycanın əks addımlarının Ermənistan üçün hansı sonluqla bitəcəyi həm erməni, həm də xarici hərbi ekspertlərə yaxşı bəllidir. Yaxşı olar ki, Araik Arutyunyan belə bəyanatlar verərkən, anlaqlı olsun və xəritəni, Azərbaycanın hərbi qüdrətini diqqətlə analiz etsin”.

Ordu 2020-08-18 15:01:00