×
A
A
A
Sazlamalar

Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının ilk toplantısı keçirilib

Bakı, 16 avqust, AZƏRTAC

Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının (AAKŞ) ilk toplantısında ABŞ-ın müxtəlif ştatlarından olan bir qrup icma üzvü iştirak edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ABŞ-ın Yuta ştatında yaşayan Azərbaycan icmasının fəal üzvü Əsmər Hüseynova tədbirdə çıxış edərək pandemiyanın və ötən ay Ermənistan silahlı qüvvələrinin bölmələrinin Tovuz rayonu istiqamətində törətdi təxribatların ABŞ-dakı soydaşlarımızın da mütəşəkkil və koordinasiyalı şəkildə fəaliyyət göstərmələrinin zəruriliyini ortaya qoyduğunu vurğulayıb.
Müzakirələrdə Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının əsasnaməsi, idarə heyətinin seçilməsi, Şuranın fəaliyyət planı və digər mühüm məsələlərdən danışılıb. Natiqlər bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının, icma üzvlərinin və fəallarının birgə fəaliyyətini əlaqələndirmək, soydaşlarımızın milli kimliklərini qoruyub-saxlamaq, yerli cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onların hüquqlarının müdafiəsi sahəsində birgə iş aparmaq baxımından Koordinasiya Şurasının rolunu yüksək qiymətləndiriblər.
Toplantı Şuranın idarə heyətinin doqquz üzvünün seçilməsi və əsasnamənin qəbul edilməsi ilə yekunlaşıb.

Diaspor 2020-08-16 12:15:00