×
A
A
A
Sazlamalar

Operativ Qərargahın dini mərasimlərlə bağlı verdiyi qərarlara riayət etmək zəruridir

Bakı, 15 avqust, AZƏRTAC

Məhərrəm ayına bir neçə gün qalmış dini mərasimlər keçirmək istəyən insanların narahatlığı başadüşüləndir. Bu mərasimlər bütün dövrlərdə keçirilib. Bu baxımdan insanların məscidlərin açılmasını israr etmələri təbiidir. Amma bu gün vəziyyət tamamilə başqadır. Bütün dünya pandemiya dövrünü yaşayır. Hazırda istər İslam, istərsə də qeyri-müsəlman dövlətləri təkcə dini sahədə deyil, bütün sahələrdə insanları bir yerə toplayan tədbirləri təxirə salıblar.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Ağasəid Yaqubov deyib.
A.Yaqubov qeyd edib ki, dini mərasimlərdə yaşından, sosial mənsubiyyətindən asılı olmayaraq, müxtəlif insanlar iştirak edirlər və bu zaman demək olar əksər məscidlərdə izdiham yaşanır. Hazırda bütün ölkələr pandemiya ilə bağlı yaradılan qərargahların qərarlarını əsas tuturlar. Bu qərarların əsas prinsipi isə insanların sağlamlığıdır. “Bu gün biz əvvəlki dövrlərdən fərqli olaraq, internet, sosial şəbəkələr vasitəsilə alimləri dinləyib öz ailəmizin yanında da matəm mərasimi qura bilirik. Sovet dövründə belə dini mərasimlərin keçirilməsi ümumiyyətlə qadağan olunmuşdu. Bu gün isə bunun üçün hər bir şərait var. Sadəcə olaraq, pandemiyanın törədə biləcəyi mənfi nəticələri nəzərə almaq və Operativ Qərargahın dini mərasimlərlə bağlı verdiyi qərarlara riayət etmək lazımdır”, - deyə Ağasəid Yaqubov bildirib.

Din 2020-08-15 12:37:00