×
A
A
A
Sazlamalar

Sumqayıtda oğurlanan lüks avtomobil Abşeronda tapılıb

Xırdalan, 15 avqust, AZƏRTAC

Avqustun 15-də gecə saatlarında Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları Sumqayıtda oğurlanan avtomobili xidməti ərazidə aşkarlayıblar.
Müəyyən edilib ki, avtomobil Sumqayıt şəhər sakini Mirzəyev Ramin Firudin oğluna məxsusdur. O, ayın 9-da Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzinə müraciət edərək, yaşadığı ünvandan (18-ci mikrorayon, ev 8) “Audi A6” markalı avtomobilinin oğurlanması ilə bağlı məlumat verib.
Rayon Polis İdarəsindən AZƏRTAC-a bildirilib ki, Əlahiddə Çevik Polis Alayının əməkdaşları ilə birgə keçirilən əməliyyat nəticəsində nəqliyyat vasitəsini oğurlayan şəxs saxlanılıb. Avtomobil isə sahibinə qaytarılıb.
Araşdırmalar nəticəsində oğurluğu törədən şəxsin 1997-ci il təvəllüdlü Xanlarzadə Oktay Nizami oğlu olduğu müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Hadisə 2020-08-15 11:42:00