×
A
A
A
Sazlamalar

Ulu öndər Heydər Əliyev Azərbaycanda dövlət qadın siyasətinin müəllifidir

Ağcabədi, 14 avqust, AZƏRTAC
Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili ulu öndər Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb. Dahi rəhbərin hakimiyyətdə olduğu hər iki dövrdə ölkəmizdə qadın problemlərinə böyük diqqət yetirilib, qadınlar bilik və bacarıqlarına, istedad və intellektinə görə irəli çəkilib, yüksək vəzifələrə təyin edilib, xüsusən elm və təhsil sistemində onların layiqli iştirakına dəstək göstərilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və Qazax rayon Heydər Əliyev Mərkəzinin əməkdaşlarının birgə təşkilatçılığı ilə keçirilən "Heydər Əliyev və dövlət qadın siyasəti" mövzusunda videokonfransda səsləndirilib.
Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa videokonfransda çıxış edərək qadınların cəmiyyətdə yeri və rolu barədə danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycanda dövlət qadın siyasətinin müəllifidir. Ölkəmizdə dövlət qadın siyasəti məhz ümummilli lider Heydər Əliyevin xidmətləri sayəsində konseptual şəkildə müəyyənləşdirilib və həyata keçirilib. İdeal qadın və əsl Azərbaycan xanımı obrazının Zərifə xanım Əliyevanın timsalında canlandığını bildirən Məhsəti Musa, həmçinin Ulu Öndərin müəyyənləşdirdiyi dövlət qadın siyasətinin bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına uyğun olaraq uğurla inkişaf etdirildiyini vurğulayıb.
Sonra Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Rövşanə Əliyevanın “Heydər Əliyevin dövlət qadın siyasətində rolu” adlı məruzəsi dinlənilib.
Digər çıxışlarda da ümummilli liderimiz Heydər Əliyevin qadınlara həmişə böyük diqqət və qayğı göstərdiyi bildirilib, qadınların ölkəmizin ictimai-siyasi və mədəni həyatında tutduqları mövqe və əldə etdikləri nailiyyətlərdən bəhs ediblər. Qeyd olunub ki, bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır.

Regionlar 2020-08-14 19:27:00