Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Kürdəmirdə yeni su kanalının tikintisi başa çatdırılıb

Kürdəmir, 14 avqust, AZƏRTAC

Respublikamızda su çatışmazlığı ilə əlaqədar istehlakçıların içməli və suvarma suyu ilə təchizatının yaxşılaşdırılması bu gün ən mühüm qayğılardandır və Prezident İlham Əliyevin 2020-ci il iyulun 27-də imzaladığı müvafiq Sərəncama əsasən təsdiq edilən tədbirlər planı, planda bir sıra dövlət qurumlarına verilən tapşırıqlar məhz bu çətinliklərin aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin planında nəzərdə tutulan tapşırıqlara müvafiq olaraq Kürdəmirdə 13 Kürqırağı kəndi əhatə etməklə 28 min 471 hektar əkin sahəsini su ilə təmin edən Mollakənd Mexaniki Suvarma Sistemləri İdarəsində də ciddi işlər görülür. İdarədən bildirilib ki, cari ildə 17 min 685 hektarda taxıl, 1464 hektarda pambıq sahələrinə, habelə xeyli bostan-tərəvəz bitkiləri və meyvə bağlarına xidmət göstərilir. Ötən müddətdə kanallarda 200 kilometrdə təmizlik işləri aparılıb. Mehdili kəndində 850 metr uzunluğunda yeni kanalın tikintisi başa çatdırılıb. Bu tip kanalların tikintisinin növbəti illərdə də həyata keçiriləcəyi nəzərdə tutulub. Bununla da əkin sahələrində suvarma suyuna olan tələbatın ödənilməsi tamamilə yaxşılaşacaq, çətinliklər aradan qaldırılacaq.

Regionlar 2020-08-14 18:40:00