Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Cari mövsümdə Şəkidə 198 min tondan çox taxıl istehsal olunub

Şəki, 14 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə biçin kampaniyası başa çatıb. Cari mövsümdə rayonda 65 min 471,7 hektar sahənin məhsulu biçilib, 198 min 718 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 30,3 sentner təşkil edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Nurəddin İbrahimov məlumat verib.
Qurum rəsmisi bildirib ki, builki mövsümdə şəkili fermerlər 41 min 319,5 hektar buğda sahəsindən 121 min 243 ton, 24 min 152,2 hektar arpa sahəsindən isə 77 min 475 ton məhsul əldə ediblər. Buğda sahələrinin hər hektarının orta məhsuldarlığı 29,3 sentner, arpa zəmilərinin isə 32,1 sentner olub. Rayon üzrə ən yüksək məhsuldarlıq Çeşməli, Öryət, Orta Zəyzid, Aydınbulaq kəndlərinin ərazilərindəki buğda sahələrində qeydə alınıb. Belə ki, həmin təsərrüfatlarda buğda zəmilərində orta məhsuldarlıq 34 sentner təşkil edib.
Taxıl yığımı başa çatdıqdan sonra rayonun təsərrüfatlarında payızlıqların səpini üçün yay şumunun çıxarılmasına da başlanılıb. Rayonda növbəti ilin məhsulu üçün 65 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır. İndiyədək təsərrüfatlarda 20 min hektaradək sahədə yay şumu qaldırılıb.

Kənd təsərrüfatı 2020-08-14 17:42:00