×
A
A
A
Sazlamalar

Ağcabədidə keçirilən imtahanda 1065 abituriyent iştirak edib

Ağcabədi, 14 avqust, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin avqustun 14-də Ağcabədi şəhərində keçirdiyi II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsi başa çatıb.
Dövlət İmtahan Mərkəzinin Bərdə regional bölməsinin müdiri Eltun Süleymanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ümumilikdə 5 binada təşkil olunan imtahanlarda Ağcabədi və Ağdam rayonları üzrə 1065 abituriyentin iştirakı nəzərdə tutulub. İmtahanların təşkil edilməsi üçün 5 ümumi imtahan rəhbəri, 15 imtahan rəhbəri, 114 zal nəzarətçisi, 10 buraxılışı təşkil edən əməkdaş və 5 bina nümayəndəsi ayrılıb.
Pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub. İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə edilib.
İmtahanlar mövcud təlimata uyğun keçib və hər hansı qanun pozuntusuna yol verilmədən vaxtında başa çatıb.

Regionlar 2020-08-14 17:14:00