×
A
A
A
Sazlamalar

Serbiyalı tennisçi Novak Cokoviç “US Open” turnirində iştirakını təsdiqləyib

Bakı, 14 avqust, AZƏRTAC

Tennis üzrə dünya reytinqində birinci pillədə qərarlaşan serbiyalı Novak Cokoviç ABŞ açıq çempionatında (US Open) iştirakını təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Instagram”dakı səhifəsində paylaşım edən tennisçi bildirib: “US Open” və Sinsinatidə təşkil olunacaq turnirlərdə iştirak edəcəyimi böyük məmnunluqla açıqlayıram. Bu barədə qərar vermək heç də asan olmadı. Yarışlara qayıdıb çıxış etmək məni yeni qələbələrə ruhlandıracaq”.
Serbiyalı tennisçi iyunun 23-də Xorvatiyada keçirilən nümayiş xarakterli turnirdə koronavirus infeksiyasına yoluxmuşdu. İyulun 2-də tennisçidən götürülən növbəti analizin cavabı mənfi olmuşdu.
Otuz üç yaşlı raketka ustası “Böyük dəbilqə” seriyaları turnirlərdə 17 dəfə qalib gəlib. “Pekin-2008” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) seriya turnirlərində ümumilikdə 79 qələbə qazanıb.
“US Open” turniri avqustun 31-dən sentyabrın 13-dək Nyu-Yorkda təşkil olunacaq. Dünyanın iki nömrəli tennisçisi ispaniyalı Rafael Nadal, qadın tennisçilərin siyahısında birinci pillədə yer alan avstraliyalı Eşli Barti yarışda iştirakdan imtina ediblər.

İdman 2020-08-14 16:59:00