×
A
A
A
Sazlamalar

Daxili İşlər Nazirliyi Gəncədə intihar edən şəxslə bağlı yayılan məlumatlara münasibət bildirib

Bakı, 14 avqust, AZƏRTAC 

Daxili İşlər Nazirliyi (DİN) Gəncədə intihar edən şəxslə bağlı yayılan məlumatlara münasibət bildirib.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov AZƏRTAC-a açıqlamasında Gəncə şəhər sakininin intihar etməsinin səbəbləri barədə son günlər sosial şəbəkələrdə həqiqətə uyğun olmayan əsassız xəbərlərin yayıldığını vurğulayaraq deyib: “İyulun 18-də Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə bir nəfərin xidməti ərazidəki binalardan birinin damında intihar etməsi ilə bağlı məlumat daxil olub. Şəhər Prokurorluğunun və Baş Polis İdarəsinin əməkdaşları hadisə yerində olub, prokuror-kriminalistin və məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib, digər zəruri hərəkətlər yerinə yetirilib.
İlkin araşdırma zamanı müəyyən olunub ki, Gəncə şəhər sakini Kamran Qasımov iyulun 16-da yaşadığı binanın damında özünü asaraq intihar edib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi (Özünü öldürmə həddinə çatdırma - Təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma) ilə başlanan cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılıb. Meyitin ətraflı müayinəsi, xaricinə keçirilən baxışda gözlə görülən xəsarət və xəsarət izləri aşkarlanmayıb, mərhumun həyat yoldaşından ayrıldığı üçün dərin psixoloji gərginlik keçirməsi nəticəsində intihar etməsinə dair əsaslı dəlillər toplanıb. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2020-08-14 16:52:00