×
A
A
A
Sazlamalar

DİN: 15 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Bakı, 14 avqust, AZƏRTAC

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyat tədbirləri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı rayonunda keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakini Məhərrəm Tağıyev saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 130 qram heroin, 171 qram tiryək və elektron tərəzi aşkarlanıb. Onun Qaraçuxur qəsəbəsində yaşadığı evdən isə əlavə olaraq 7 kiloqram 66 qram heroin və 1 kiloqrama yaxın tiryək aşkarlanaraq götürülüb.
Baş İdarə əməkdaşları tərəfindən Sabunçu rayonu ərazisində keçirilən növbəti tədbir zamanı isə Xocavənd rayon sakini Nicat Tağıyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 300 qrama yaxın heroin aşkar olunaraq götürülüb.
Baş İdarənin əməkdaşları tərəfindən Xətai rayonunda keçirilən daha bir əməliyyat zamanı Cəbrayıl rayon sakini Elçin Quliyev tutulub. Onun üzərindən 5 qram heroin, 5 qram tiryək, Abşeron rayonu Digah qəsəbəsində yol kənarında gizlətdiyi yerdən isə 6 kiloqram heroin və 700 qram tiryək aşkarlanaraq götürülüb.
Bu əməliyyatlar nəticəsində ümumilikdə 15 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxslərin hər biri hələlik adı istintaqa məlum olmayan müxtəlif İran vətəndaşlarının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitəni Bakıda qəbul edib və gizlədiblər. Onlar ölkə ərazisində narkotik vasitələrin satışını təşkil etməyi planlaşdırıblar.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, adları çəkilən şəxslər tutularaq istintaqa təqdim olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hadisə 2020-08-14 16:40:00

Video