×
A
A
A
Sazlamalar

Goranboyda gizli nişan mərasimi keçirmək istəyən şəxslər saxlanılıblar

Bakı, 14 avqust, AZƏRTAC 

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində müvafiq tədbirlər həyata keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, avqustun 13-də rayon polis şöbəsinə fərdi yaşayış evlərinin birində nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal həmin ünvana gələrək nişan mərasimini dayandırıblar. Mərasim iştirakçıları saxlanılaraq rayon polis şöbəsinə gətirilib.
Şöbədə aparılan müvafiq araşdırmalarla məlum olub ki, rayon sakini Elşən Qocayev qohumlarını dəvət edərək övladı üçün nişan mərasimi keçirmək istəyib.
Məclis iştirakçıları İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimələniblər.
Polis əməkdaşları onlarla bir daha profilaktiki söhbət apararaq, karantin rejiminə əməl etməyi, mümkün qədər evdən çıxmamağı tövsiyə ediblər. Bildirilib ki, bu tələblər vətəndaşların sağlamlığının qorunması üçündür.

Hadisə 2020-08-14 14:45:00