×
A
A
A
Sazlamalar

Xəzər rayonunda mobil qruplar tərəfindən növbəti reydlər keçirilib

Bakı, 14 avqust, AZƏRTAC

Bakının Xəzər rayonunda koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarının icrasına nəzarət məqsədilə mobil qruplar tərəfindən müvafiq dislokasiya bölgüsü əsasında davamlı olaraq reydlər həyata keçirilir.
Bu barədə AZƏRTAC-a Xəzər Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri, polis əməkdaşları və mobil qrupun üzvləri tərəfindən karantin rejimi ilə əlaqədar müəyyənləşdirilmiş qaydalara əməl olunmasını təmin etmək üçün ticarət, ictimai iaşə və digər obyektlərdə mütəmadi olaraq reydlər keçirilir, əhalinin kütləvi şəkildə toplaşdığı meydan və parklarda maarifləndirici təbliğat işləri aparılır.
Reydlər zamanı vətəndaşlara gigiyena qaydalarına riayət edilməsinin, tibbi maskadan istifadənin, sosial məsafənin saxlanılmasının vacibliyi izah olunur və tövsiyələr verilir.
Eyni zamanda, karantin qaydalarını pozan ticarət və ictimai iaşə obyektlərinin sahibləri, həmçinin vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada barələrində protokollar tərtib olunaraq cərimələnirlər.
Keçirilən reydlərlə yanaşı, Xəzər könüllüləri tərəfindən vətəndaşlara tibbi maskaların paylanılması, insanların sıx olduğu yerlərdə, dayanacaqlarda, bankomatların və ticarət obyektlərinin qarşısında çap materiallarından ibarət xəbərdaredici və maarifləndirici təbliğat vasitələrinin vurulması işləri mütəmadi olaraq aparılır.
Bundan əlavə, rayon ərazisində əhalinin sağlamlığının qorunması məqsədilə gündəlik olaraq qrafik üzrə küçə və prospektlərin səkiləri, park və bağların ətraf əraziləri, əsasən də binaların həyətləri, girişləri, liftlər və sakinlərin daha çox istifadə etdiyi digər yerlər dezinfeksiya edilir.

Cəmiyyət 2020-08-14 14:17:00