×
A
A
A
Sazlamalar

Zaqatalada 1445 arıçıya subsidiya veriləcək

Zaqatala, 14 avqust, Mustafa Dadaşov, AZƏRTAC

“Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” dövlət başçısının 2018-ci il 5 mart tarixli Sərəncamının icrası olaraq, bu il Zaqatala rayonunda arıçılıqla məşğul olan 1445 arıçıya saxladıqları 32 min 17 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 320 min 170 manat subsidiyanın verilməsi nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Rəsul Razaqov məlumat verib.
Qurum rəsmisi bildirib ki, arıçılıq təsərrüfatlarında olan arı ailələri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyata alınaraq təsdiq edilib. Yaxın vaxtlarda arıçılara subsidiyanın ödənilməsinə başlanılacaq.
Sektor müdirinin sözlərinə görə, arıçılığın inkişafına dövlət dəstəyi nəticəsində bu il rayonda arıçılıq təsərrüfatlarının sayı ötən illə müqayisədə 195 təsərrüfat, arı ailələrinin sayı isə 3192 ailə artıb. Rayonun arıçılıq təsərrüfatlarında il ərzində 300 tonadək bal, 40 ton mum, 500 kiloqram çiçək tozu, 200 kiloqram vərəmum, 15 kiloqramadək arı südü və digər məhsullar istehsal olunur. Rayonun təbii iqlim şəraiti arıçılıq məhsulları istehsalının artırılmasına imkan verir.
Qeyd edək ki, ötən il Zaqatala rayonunda arıçılıqla məşğul olan 1250 arıçıya saxladıqları 28 min 825 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 288 min 250 manat subsidiya ödənilib.

Kənd təsərrüfatı 2020-08-14 12:55:00