Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

UNEC-də sənəd qəbulu onlayn aparılacaq

Bakı, 14 avqust, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) abituriyentlərin sənəd qəbulu prosesinin onlayn aparılması məqsədilə hazırlanmış platformanın ilkin nümayişi olub. Sənəd qəbulu platforması tədris və təlim texnologiyaları üzrə prorektor, dosent Anar Rzayevin rəhbərliyi və müvafiq struktur bölmələrin iştirakı ilə təqdim olunub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, 2020/2021-ci tədris ili üzrə abituriyentlərin sənəd qəbulu onlayn aparılacaq. Sənəd qəbulu prosesini asanlaşdırmaq məqsədilə UNEC-də onlayn proqram təminatı hazırlanıb. Qəbul olan abituriyentlər, universitetə gəlmədən rahat formada qeydiyyatdan keçə biləcəklər. Onlayn sənəd qəbulu həm regionlarda, həm də şəhərdə yaşayan abituriyentlər, eləcə də valideynlər üçün əlavə zaman itkisinin qarşısını alaraq, onlara böyük üstünlük qazandırmış olacaq.
Təqdimatda qeyd olunub ki, abituriyentlər sənədlərin elektron versiyasını UNEC-in rəsmi səhifəsinə (unec.edu.az) daxil olaraq, tələbə kabineti qeydiyyat bölməsinə keçməklə (kabinet.unec.edu.az) sistemə yükləməlidirlər. Sənəd qəbulunun daha rahat formada aparılması məqsədilə sənədlərin elektron versiyasının sistemə yüklənməsi tələb olunur. Abituriyentlərin bir çox şəxsi məlumatlarının Dövlət İmtahan Mərkəzindən birbaşa sistemə inteqrasiyası təmin edildiyi üçün lazımi digər sənədlər sistemə yüklənəcək. Bütün prosesi izah edən yazılı və video təlimatı hazırlanaraq, universitetin rəsmi saytına və “Facebook” səhifəsinə yerləşdiriləcək.

Elm və təhsil 2020-08-14 10:49:00