×
A
A
A
Sazlamalar

Kişmişin içərisində 5 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Bakı, 13 avqust, AZƏRTAC

Kişmişin içərisində 5 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə İrandan Ukraynaya “Volvo” markalı yük avtomobilində külli miqdarda narkotik vasitələrin gömrük nəzarətindən gizlədilərək aparılacağı barədə əməliyyat məlumatı daxil olub. Astara gömrük postunda saxlanılan nəqliyyat vasitəsinin Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Ukraynada fəaliyyət göstərən şirkətlərdən birinin ünvanına “kişmiş” yükü apardığı məlum olub. Ukrayna vətəndaşının nəqliyyat vasitəsi saxlanılıb və “Volter” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə yoxlama həyata keçirilib. Bu zaman xidməti it xüsusi işarə və hərəkətlərlə yük maşınının qoşqusunun ətraflarına reaksiya verib. Baxış zamanı “kişmiş” yükünün içərisində gizlədilən xırda formalarda, ümumi çəkisi 5 kiloqram 200 qram olan qara rəngli, kəskin iyli narkotik vasitə - tiryək aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2020-08-13 14:45:00