×
A
A
A
Sazlamalar

Bu ilin yeddi ayında ölkədə elektrik enerjisi istehsalı artıb

Bakı, 13 avqust, AZƏRTAC

Energetika Nazirliyi bu ilin yanvar-iyul aylarında Azərbaycan üzrə elektrik enerjisinə dair operativ məlumatları açıqlayıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, cari ilin yanvar-iyul ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, iyulda respublika üzrə elektrik enerjisinin istehsalı 2395,1 milyon kilovat/saat, ixracı 110,7 milyon kilovat/saat, idxalı 15,9 milyon kilovat/saat olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə iyulda respublika üzrə elektrik enerjisinin istehsalı 26,2 milyon kilovat/saat, ixrac 9 milyon kilovat/saat artıb, idxal isə 2,6 milyon kilovat/saat artıb.
Cari ilin yanvar-iyul aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 96 milyon kilovat/saat artaraq 15346,9 milyon kilovat/saat olub.
Hesabat dövründə ötən ilin 7 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 381,5 milyon kilovat/saat artaraq 14358,9 milyon kilovat/saat, SES-lərdə 277,4 milyon kilovat/saat azalaraq 774,5 milyon kilovat/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 8,1 milyon kilovat/saat azalaraq 213,5 milyon kilovat/saat olub. Külək Elektrik Stansiyalarında 63,03 milyon kilovat/saat, Günəş Elektrik Stansiyalarında 28 milyon kilovat/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 122,5 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib.
Yanvar-iyul aylarında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 13726,7 milyon kilovat/saat (İES-lərdə 13086,6 milyon kilovat/saat, SES-lərdə 640,1 milyon kilovat/saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 243,6 milyon kilovat/saat (İES-lərdə 98,6 milyon kilovat/saat, SES-lərdə 120,9 milyon kilovat/saat, Günəş ES-də 24,1 milyon kilovat/saat), Müstəqil Elektrik Stansiyaları üzrə 1376,6 milyon kilovat/saat təşkil edib.
Bu dövrdə elektrik enerjisinin ixracı 731,8 milyon kilovat/saat olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 43,3 milyon kilovat/saat, idxalı isə 87,4 milyon kilovat/saat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 6,4 milyon kilovat/saat azalıb.

 

Energetika 2020-08-13 13:42:00