×
A
A
A
Sazlamalar

Respublika Gənclər Kitabxanasının fondunda olan kitabların virtual sərgisi təqdim edilib

Bakı, 13 avqust, AZƏRTAC

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası fondunda olan kitabların virtual sərgisini sosial şəbəkə izləyicilərinə təqdim edib.
AZƏRTAC xəbər verir ki, 1928-ci ildən fəaliyyət göstərən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 90 ildən çoxdur ki, oxucularına xidmət göstərir. Fəaliyyətinin ilk günlərindən “Əhalinin ictimai mütaliəsini təşkil etmək” və “Kitabxanaların ideoloji təbliğat imkanlarından istifadə etmək” kimi vəzifələri qarşısına məqsəd qoyan kitabxana bu illər ərzində yorulmadan oxucularının maarifləndirilməsi, hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onların asudə vaxtının səmərəli təşkili və s. yönümdə çalışır. Kitabxananın fondu öz profilinə əsasən daha çox gənclərin təhsil, asudə vaxt tələbatlarını ödəməyə həsr edilsə də, burada balacaların və orta yaş təbəqəsinin nümayəndələrinin də marağına səbəb olacaq ədəbiyyat nümunələri vardır.
Təbii ki, sosial izolyasiya günlərində belə kitabxana öz virtual fəaliyyətini davam etdirir və bu məqsədlə kitabxananın əməkdaşları izləyicilərini, oxucularını fondunda olan kitablarla tanış etmək məqsədilə növbəti virtual sərgi tərtib edib. Kitabxana profilinə görə gənclər kitabxanası olduğundan, sərgidə kitabxananın fondunda olan gənclərin maraq dairələrinə uyğun Azərbaycan, rus, ingilis və digər dillərdə olan hüquq, tarix, ədəbiyyat, tibb, incəsənət və başqa elm sahələrini əhatə edən ədəbiyyatlar nümayiş etdirilib. Virtual sərgidə kitabxanadan istifadə qaydaları haqqında məlumat verilib. Virtual sərgidə yer alan bütün kitablar kitabxana əməkdaşları tərəfindən xüsusi zövq və tərtibat ilə çəkilib.
Virtual sərgini izləmək arzusunda olan izləyicilər https://www.instagram.com/p/CDYpzI2BgCg/ linkindən yararlana bilərlər.

 

Mədəniyyət 2020-08-13 12:47:00