×
A
A
A
Sazlamalar

İdman ictimaiyyətinin nümayəndələri cəbhə bölgəsində əsgərlərlə görüşüblər

Bakı, 13 avqust, AZƏRTAC

İdman ictimaiyyətinin nümayəndələri cəbhə bölgəsində xidmət edən əsgərlərimizlə görüşüblər.
AZƏRTAC xəbər verir ki, görüş “BrendSport.az” saytının təşkilatçılığı ilə reallaşıb.
Səfərdən öncə idmançılar ulu öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, önünə gül dəstələri düzüblər. Eyni zamanda Şəhidlər xiyabanı da ziyarət edilib.
Cəbhə bölgəsinə yola düşən idman ictimaiyyətinin üzvləri, Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissədə olublar.
Hərbi hissədə də qurban kəsən qonaqlar, əsgərlərlə birlikdə nahar süfrəsi ətrafında söhbət ediblər.
Dövlətimizin və millətimizin hər zaman onların yanında olduğu bildirilib, onlara inamın tam olduğu vurğulanıb. Boks üzrə dünya çempionu, Peşəkar Boks Federasiyasının birinci vitse-prezidenti və Azərbaycan “İdmançıları” İctimai Birliyinin baş katibi Fərhad Acalov çıxışında xalqımızın əsgərlərimizə olan inamından söz açıb və çıxışını Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” ifadəsi ilə yekunlaşdırıb.
Tədbirdə stolüstü tennis üzrə Milli Komandanın keçmiş üzvü, tədbirin idea müəllifi və “BrendSport.az” saytının baş redaktoru Bəhruz Səmədov çıxış edərək görüşün əhəmiyyətindən söz açıb.
O, çıxışında xalqımızın və idmançılarımızın hər zaman əsgərlərimizin yanında olduğundan bəhs edərək, Azərbaycan əsgərinə olan güvəndən danışıb. B.Səmədov Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən idmançılara, şəhid ailələrinə, qazilərə və hərbçilərimizə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

İdman 2020-08-13 04:19:00