×
A
A
A
Sazlamalar

Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı regionun ümumi tərəqqisinə mühüm töhfələr verir

Bakı, 12 avqust, Səadət Hakıyeva, AZƏRTAC
Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərinin daha da genişləndirilməsi dövlətimizin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daha da genişlənməkdədir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Deputat xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə malik olmasını iki ölkə arasında münasibətlərdə mühüm amil kimi qeyd edib: “Eyni soykökə malik olan xalqlarımız sevincli, kədərli günlərdə həmişə bir-birinin yanında olub. Azərbaycan-Türkiyə münasibətləri bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi kimi daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Hər iki dost dövlətin hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumlarının rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayıb və bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olub”.
M.Cəfərovun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir: “Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşsa da, iqtisadi sahədə əlaqələrin daha da gücləndirilməsinə ehtiyac duyulur. Çünki Azərbaycan və Türkiyənin mövcud potensialı iqtisadi sferada əlaqələrin, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin indiki ilə müqayisədə xeyli dərəcədə artırılmasına imkan verir. Son günlər bu istiqamətdə bir sıra mühüm addımlar atılıb. Söhbət energetika sahəsində ölkələrimiz arasında artıq bütün əsas detalları razılaşdırılmış yeni qaz müqaviləsindən gedir. Ölkələrimiz arasında yeni neft qaz istehsalının artımı isə böyük bir coğrafi məkanda reallaşdırılan enerji siyasətinin əsas konturlarını müəyyən edən vacib faktorlardan biri olacaq. Bütün bunlar isə ölkələrimizin energetika sahəsində möhkəmlənən əlaqələrinin qlobal enerji təhlükəsizliyinin təminatına da yeni mühüm töhfələr bəxş edəcəyindən xəbər verir”.
Deputat bildirib ki, bu günə qədər həyata keçirilən layihələr çərçivəsində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi nəinki Azərbaycanın və Türkiyənin, hətta digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində də müstəsna rol oynayır. Son illər Azərbaycandan Türkiyəyə investisiya qoyuluşunda mühüm artım müşahidə olunur. İki ölkə arasında qarşıda həyata keçiriləcək layihələrdən danışan M.Cəfərov deyib: “Qarşıda isə Azərbaycan və Türkiyənin iqtisadi sahədə münasibətlərini daha da möhkəmləndirəcək əsas məqamlardan biri Qarsdan Naxçıvana çəkilməsi nəzərdə tutulan dəmir yolu xəttinin istifadəyə verilməsi olacaq. Bu layihə muxtar respublikanın iqtisadi cəhətdən daha da güclənəcəyini deməyə əsas verir. Hazırda Naxçıvanın həm iqtisadi sferada sürətlə inkişaf etməsində, həm də təhlükəsizliyinin təmin olunmasında qardaş ölkə böyük rol oynayır. Şübhəsiz ki, bütün bunlar Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığı daha da gücləndirən ən mühüm addımlardan biri olacaq”.
Deputat vurğulayıb ki, qardaş Türkiyə etiraz əlaməti olaraq Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdir ki, işğal altında saxlayan Ermənistanla sərhədlərini bağlayıb. Qardaş ölkə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində xüsusi fəallıq göstərərək, bu məsələdə ölkəmizin ədalətli mövqeyinə tam dəstək verir. Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətində konstruktiv mövqe nümayiş etdirməyən və beləliklə, həm də Türkiyə ilə münasibətlərin normallaşmasında maraqlı olmadığını göstərən Ermənistan yenə də region dövlətləri ilə mehriban qonşuluq prinsipləri ilə yaşamaq niyyətindən uzaq olduğunu nümayiş etdirir.
“Hazırda danışıqlar prosesinin əsas müzakirə obyekti hər iki dost ölkə arasında siyasi-iqtisadi tranzit əlaqələrin daha da möhkəmlənməsidir. Bütün bunlar ölkələrimiz arasında əldə olunan yeni razılaşmalar, imzalanan müqavilələr bir daha xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən, onun sarsılmazlığından xəbər verir”, - deyə Müşfiq Cəfərov fikirlərini yekunlaşdırıb.

Siyasət 2020-08-12 23:11:00