Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Qazaxıstan Senatına seçkilər yerli qanunvericiliyə uyğun olaraq demokratik şəraitdə keçirilib VİDEO

Nur-Sultan, 12 avqust, AZƏRTAC
Qazaxıstan Senatına – parlamentin yuxarı palatasına keçirilən seçkilər başa çatıb. Seçkiləri Azərbaycanın Qazaxıstandakı səfirinin rəhbərlik etdiyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının müşahidəçi missiyası da izləyib.
AZƏRTAC xəbər verir ki, COVID-19 pandemiyası şəraitində keçirilən seçkilərin təşkili ilə bağlı xüsusi qaydalar tətbiq olunub və prosesə məhdud sayda müşahidəçi qatılıb. Seçkiləri izləyən yeganə beynəlxalq təşkilat olan Türk Şurasının müşahidə missiyasına Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov rəhbərlik edib. O, koronavirus pandemiyası səbəbindən seçkilərdə daha geniştərkibli nümayəndə heyətinin iştirak edə bilməməsindən təəssüfləndiyini bildirib, rəhbərlik etdiyi heyətə ölkəmizlə yanaşı, Türkiyə, Qırğızıstan və Özbəkistandan nümayəndələrin daxil olduğunu diqqətə çatdırıb.
Diplomat vurğulayıb ki, Türk Şurası təşkilata üzv ölkələrin Qazaxıstandakı diplomatik missiyalarının tərkibindən müşahidə missiyasının yaradılmasına qərar verib. Namizədlərin, müşahidəçilərin və media nümayəndələrinin qeydiyyatdan keçməsindən sonra seçki prosesini izlədiyini deyən Rəşad Məmmədov, eyni zamanda, Maslixat və Nur-Sultan şəhərlərinin seçki komissiyalarının birgə iclasında iştirak etdiyini bildirib. “Seçkilər yerli qanunvericiliyə uyğun olaraq demokratik şəraitdə, açıq və şəffaf keçirildi. Müşahidə missiyasının səsvermə prosesi, seçkilərlə bağlı geniş və yekun rəyi Türk Şurası tərəfindən açıqlanacaq”, - deyə diplomat vurğulayıb.
Qeyd edək ki, qanunverici orqanın yuxarı palatasında cəmi 49 yer var. Senatorlardan 15-i cəmiyyətin milli-mədəni maraqlarının təmsilçiliyi nəzərə alınmaqla dövlət başçısı tərəfindən təyin olunur, qalanları isə seçki yolu ilə seçilir. Seçilmiş senatorların yarısı üç ildən bir təkrarlanan seçki ilə yenilənir. Senatın səlahiyyət müddəti altı ildir.

 

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan

Siyasət 2020-08-12 18:01:00

Video