×
A
A
A
Sazlamalar

Bakı Nəqliyyat Agentliyi: Xəttə rekord sayda avtobus buraxılıb

Bakı, 12 avqust, AZƏRTAC

Avqustun 12-də 163 marşrut (153 müntəzəm və 10 ekspress) üzrə 2130 ədəd avtobus xətlərə çıxarılıb ki, bu da indiyə qədər qeydə alınan rekord göstəricidir.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, məqsəd hər gün 20-25 faiz artan sərnişin tələbatını qarşılamaqdır. Son statistik məlumatlara əsasən sərnişin axınında da ən maksimal göstərici müşahidə olunur. Belə ki, hazırda gün ərzində 1 milyon 600 mindən artıq sərnişin səfər sayı qeydə alınır.
Mövcud vəziyyətdə avtobusların rahat və maneəsiz hərəkətinin vacibliyini nəzərə alaraq fərdi avtomobil sürücülərindən bu məsələdə anlayışlı olmaları xahiş edilir. Tövsiyə edilir ki, mümkün qədər yollarda avtobusların hərəkətinə üstünlük versinlər, dayanma-durma və parklanma qaydalarına əməl etsinlər.
Qeyd edək ki, nəqliyyat vasitələrinin çoxluğundan və yol nəqliyyat hadisələri səbəbindən yaranan sıxlıq halları sərnişindaşımaların təşkilində çətinliklər yaradır. Xüsusən pik saatlarda yaranan sıxlıqlar nəticəsində avtobuslararası intervallar pozulur. Bu isə ümumilikdə sərnişindaşımaların təşkilinə mənfi təsir edir.

Nəqliyyat 2020-08-12 11:16:00