×
A
A
A
Sazlamalar

7-ci “womENcourage” beynəlxalq virtual toplantısı ADA Universitetində keçiriləcək

Bakı, 11 avqust, AZƏRTAC

Sentyabrın 24-27-də ADA Universitetinin, “ACM-W” Avropanın təşkilatçılığı, Azərbaycan Konqreslər Bürosunun, “PASHA Bank”, “Amazon” və “IBM” şirkətlərinin dəstəyi, “Azercell Telekom” MMC-nin rəqəmsal tərəfdaşlığı ilə ACM-in 7-ci beynəlxalq “womENcourage” toplantısı keçiriləcək.
ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, bu ali təhsil müəssisəsinin ev sahibliyi ilə keçiriləcək beynəlxalq tədbirin məqsədi qadınları karyeralarını informatika sahəsində qurmağa həvəsləndirmək, texniki sahələrdə təhsil alan və ya fəaliyyət göstərən xanımları bir araya gətirməkdir.
“womENcourage 2020” pandemiya səbəbindən bu il onlayn formatda keçirilsə də, tədbir çərçivəsində konfrans, karyera sərgisi və hakafon təşkil ediləcək. İştirakçılar karyera yarmarkasında müxtəlif texnoloji şirkətlərin nümayəndələri ilə virtual ünsiyyət quraraq müvafiq vakansiyalardan yararlanmaq, hakafonda isə real həyatda üzləşdiyimiz problemə dair texnoloji həllər irəli sürərək funksional prototip yaratmaq imkanı əldə edəcəklər.
Dörd gün davam edəcək virtual tədbirin rəsmi açılışını edəcək ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal bildirib: “Əminəm ki, dünyanın lider təhsil və sənaye müəssisələrində aparılan qabaqcıl tədqiqatlar barədə çıxışlar gəncləri bu sahəyə daha da həvəsləndirəcək”.
Tədbir iştirakçıları informatika ilə bağlı çıxışları dinləyəcək, 5 fərqli qitədən 17 ölkəni təmsil edən tələbə və tədqiqatçıların poster təqdimatını izləyəcəklər.
ADA Universiteti və tərəfdaşları avqustun 14-dək davam edəcək erkən qeydiyyatdan keçməyə, informatika sahəsində yenilikləri ACM-in builki toplantısı vasitəsilə öyrənməyə dəvət edir. Məlumat üçün bildirək ki, ACM (“Association for Computing Machinery”, Hesablama Maşınları üzrə Assosiasiya) informatika sahəsində ən qədim və ən böyük təşkilatdır.
Əlavə məlumat: http://womencourage.acm.org/2020/

Elm və təhsil 2020-08-11 23:10:00