×
A
A
A
Sazlamalar

Eşitmə və nitq məhdudiyyəti olan insanlar üçün yeni imkanlar açılır

Bakı, 11 avqust, AZƏRTAC

Avqustun 11-də Azərbaycan Milli Paralimpiya Komitəsində (AMPK) Milli Abilimpiya Federasiyasının (MAF) təşkilat komitəsinin eşitmə və nitq məhdudiyyəti olan insanları təmsil edən bir neçə QHT-ləri ilə görüşü keçirilib.
AMPK-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə komitənin prezidenti İlqar Rəhimov ölkəmizdə yaxın günlərdə MAF-ın fəaliyyətə başlayacağını bildirib. Vurğulanıb ki, ölkəmizdə əlilliyi olan şəxslər abilimpiya hərəkatı vasitəsilə peşə bacarıqlarını inkişaf etdirməklə gələcəkdə məşğulluq və özünüməşğulluq proqramlarında iştirak edəcəklər. 2021-ci ilin mayında Moskvada keçiriləcək X beynəlxalq abilimpiya çempionatında iştirak edəcək millimizin formalaşdırılması məqsədilə yerli yarışların keçirilməsi də nəzərdə tutulub. Eşitmə və nitq məhdudiyyəti olan insanların da bu yarışlarda iştirakı çox vacibdir. Beləliklə, bu qəbildən insanların istedadlarını və qabiliyyətlərini göstərmələri üçün yeni imkanlar açılır və bu, onların həyat səviyyəsinin yüksəlməsinə xidmət edəcək.
Sonra Azərbaycanda abilimpiya hərəkatının inkişafı və bununla bağlı görüləcək işlər müzakirə olunub, əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.

İdman 2020-08-11 17:21:00