×
A
A
A
Sazlamalar

İnam Kərimov: Su resurslarından səmərəli istifadə edilməsi əsas vəzifələrdəndir VİDEO

Bərdə, 11 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC

Bu il hava şəraitinin quraq keçməsi su çatışmazlığı problemini daha da aktuallaşdırıb. Ona görə də su resurslarından səmərəli istifadə edilməsi əsas vəzifələrdəndir. Bu məqsədlə ötən ay Prezident yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi. Müşavirədən sonra "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalandı. Həm müşavirədə, həm də Sərəncamda Kənd Təsərrüfatı Nazirliyi və aidiyyəti qurumlar qarşısında konkret və ciddi vəzifələr qoyulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı naziri İnam Kərimov Bərdədə jurnalistlərə müsahibəsində deyib.
Nazir qarşıda duran əsas vəzifələrdən birinin müasir, mütərəqqi suvarma texnologiyalarından istifadə edilməsi olduğunu bildirib: "Bu texnologiyalar həm su resurslarından səmərəli istifadəyə, həm də fermerlərin daha çox məhsul istehsal etməsinə imkan verir. Bu məqsədlə Prezident müasir suvarma texnologiyalarının və digər kənd təsərrüfatı texnologiyalarının subsidiyalaşdırılması üçün əlavə vəsait ayırıb. Bu vəsait Prezidentin tapşırığına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əsasən müasir suvarma sistemlərinin subsidiyalaşdırılmasına xərclənəcək".
Damlama suvarma sisteminin tətbiq edilməsinə daha böyük marağın olduğunu deyən nazir, artıq fermerlərin bununla bağlı Kənd Təsərrüfatı Nazirliyinə müraciət etdiklərini bildirib.
Nazir İnam Kərimov bu il pambıqçılıqda su probleminin olmaması üçün tədbirlər görüldüyünü vurğulayıb. "Respublikamızda 100 min hektar sahədə pambıq əkilib. Hazırda aidiyyəti dövlət qurumları ilə birlikdə pambığın suvarılması üçün tədbirlər görülür. Çalışacağıq ki, bu sahə su problemindən əziyyət çəkməsin və biz ötən il olduğu kimi yüksək məhsuldarlıq əldə edək", - deyə İnam Kərimov qeyd edib.
Fermerlərin ən böyük üzləşdikləri problem - kiçikhəcmli kreditlərə görə daşınmaz əmlakın tələb edilməsi ilə bağlı danışan Kənd Təsərrüfatı naziri vurğulayıb ki, bu məsələnin həlli üçün Prezident tərəfindən müvafiq Sərəncam imzalanıb və girov tələb etmədən fermerlərə 15 min manatadək mikrokreditlərin verilməsinə başlanılıb. Bunun üçün 30 milyon manat ayrılıb. Artıq mindən çox fermer bu kreditlərdən faydalanıb.

Kənd təsərrüfatı 2020-08-11 16:11:00

Video