Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Yoluxmaların azalması arxayınlıq yaratmamalıdır, çünki COVID–19 hələ tam ram edilməyib

Bu, elə bir bəladır, elə bir xəstəlikdir ki, hələ çarəsi yoxdur. Ona görə yeganə yolumuz insanları qorumaq, yoluxmaların sayını azaltmaq, xəstəliyin geniş vüsət almasına yol verməmək və beləliklə, vətəndaşlarımızı, dövlətimizi bu vəziyyətdən xilas etməkdir. Odur ki, buna uyğun şəkildə addımlar atılacaq. Karantin rejimi nə vaxt mümkünsə yumşaldılacaq, necə ki, artıq ayın 5-dən yumşalma olubdur. Ancaq vətəndaşlar da gərək başa düşsünlər ki, əgər bu yumşalmadan sonra biz yenə də xəstəliyin kəskin artdığını görsək, başqa çarəmiz olmayacaq, gərək yenə də sərtləşdirək.

               İlham Əliyev
 Azərbaycan Respublikasının Prezidenti

Bakı, 11 avqust, AZƏRTAC

Dünyada “israrla” davam edən koronavirus pandemiyası, ona qarşı aparılan mübarizə metodları, dövlətlərin təcrübə mübadiləsi aparmaq istiqamətində atdığı addımlar və beynəlxalq səviyyədə əməkdaşlıq edilməsi bəşər övladına çoxsaylı həqiqətləri başa saldı. Həmin həqiqətlərdən biri də odur ki, dövlət öz xalqını hansısa bəladan qorumaq istəyirsə, xalq bu addımı yüksək qiymətləndirir və öz dövlətinə dəstək olur.
AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların yenidən hazırlanması fakültəsinin dekanı, dosent Elmira Zeynalovanın ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan mübarizədən və əldə olunan müsbət nəticələrdən bəhs edən məqaləsini təqdim edir.
Azərbaycan dövlətinin bu ilin əvvəlindən COVID-19 pandemiyasının yayılmasına qarşı atdığı qabaqlayıcı addımlar, bu bəladan zərər çəkən insanların maddi və mənəvi cəhətdən dəstəklənməsi, ölkə iqtisadiyyatına dəyən ziyanın aradan qaldırılması üçün həyata keçirilən tədbirlər əhali tərəfindən birmənalı olaraq yüksək qiymətləndirildi və dəstəkləndi. Daha sonra Prezident İlham Əliyevin təşəbbüsü və şəxsi nəzarəti ilə yeni klinikaların, tibbi maska və gigiyena vasitələri istehsal edən müəssisələrin açılması, pandemiya ilə mübarizənin önündə gedən həkimlərin və digər tibbi heyətin əməkhaqlarının artırılması bütün insanlar tərəfindən alqışlandı və yüksək qiymətləndirildi.
Son iki ayda isə ölkə ictimaiyyəti bu istiqamətdə atılan daha bir möhtəşəm addımın şahidi oldu. Belə ki, koronavirusla mübarizədə böyük uğurlar qazanan Azərbaycan həkimlərinin xarici həmkarları ilə təcrübə mübadiləsi aparmaları üçün Türkiyə, Rusiya, Kuba və digər ölkələrin tanınmış tibb mütəxəssislərinin ölkəmizə müxtəlif müddətli səfərləri təşkil edildi. Son günlər isə onlara Çindən gəlmiş həkimlər də qatıldılar. Bu, sadəcə, bir fakt və ya informasiya deyil, Azərbaycan dövlətinin öz vətəndaşını qorumaq üçün əlindən gələni əsirgəmədiyinin göstəricisidir. Bir sözlə, Azərbaycan dövləti Tanrının koronavirus sınağından, sözün həqiqi mənasında, üzüağ çıxmağı bacardı, təbii ki, xalqın dəstəyi ilə.
Ancaq beynəlxalq aləmdən gələn bəzi xəbərlər bizi narahat etməyə bilməz. Belə ki, xarici mətbuatda yayılan məlumatlara görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və dünya ölkələri yaxın aylarda pandemiyanın ikinci dalğasının baş verməsi ehtimalının çox yüksək olduğunu bəyan edir. Britaniyalı tədqiqatçılar xəbərdarlıq edirlər ki, İngiltərədə daha səmərəli testləşmə və qoruma sistemi qurulmadan məktəblər açılarsa, ölkə qış aylarında indikindən iki dəfə güclü yoluxma dalğası ilə üzləşəcək. Bildirilir ki, Almaniyada da vəziyyət oxşardır. Bu ölkənin Həkimlər Birliyi pandemiyanın ikinci dalğasının artıq başladığını elan edib və bildirir ki, xəstə sayının artmasına məhz gigiyena tələblərinə məhəl qoyulmaması yol açır. Fransa və Estoniyadan da buna bənzər xəbərlər gəlməkdədir.
Yaxın qonşumuz olan Rusiyanın paytaxtı Moskvada da vəziyyət olduqca mürəkkəbdir. Şəhərin meri Sergey Sobyanin koronavirusla bağlı məhdudiyyətlərin hələ bir neçə ay davam edəcəyini bildirib. O, xəbərdarlıq edib ki, paytaxt sakinləri əvvəlki aylarda olduğu kimi, maska, sosial məsafə, gigiyena qaydalarının tələblərinə əməl etməlidirlər. Qardaş Türkiyədə isə avqustun 7-də koronavirusla bağlı bütün karantin dövründə ən genişmiqyaslı yoxlamalar aparılıb. Bu işlərə bütün şəhərlərdə valilər, bələdiyyə rəhbərləri və dövlət strukturları, hüquq-mühafizə orqanlarının nümayəndələri səfərbər ediliblər. Bazarlarda, ictimai nəqliyyatda, ticarət obyektlərində, restoran və kafelərdə, taksilərdə insanların sosial məsafə, maska, gigiyena ilə bağlı tələblərə əməl olunması ilə bağlı intensiv yoxlamalar aparılıb. Bütün bunlar sübut edir ki, COVID–19 hələ tam şəkildə ram edilməyib. Yəni, görüləsi işlər hələ çoxdur.
Təbii ki, biz dövlətin, Prezident İlham Əliyevin dediyi kimi, gecə-gündüz öz vətəndaşının yanında olduğuna görə xeyli arxayınıq. Əminik ki, dövlət bizi qoruyacaq. Ancaq bu arxayınlıq, inam biganəliklə, laqeydliklə əvəzlənərsə, vəziyyətin hansı dərəcədə mürəkkəbləşəcəyini heç kəs təxmin edə bilmir. Doğrudur, ölkəmizdə tətbiq olunmuş məhdudiyyətlər nəticəsində müsbət dinamika əldə edilib, xəstələnənlərin sayı gün ərzində 100-dən aşağı həddə düşüb, sağalanların sayı yoluxanlardan təxminən 3 dəfə çoxdur. Bir daha təkrar edirəm ki, qazanılmış bu müsbət göstəricilərin qorunub saxlanılması üçün dövlətlə yanaşı, hər bir vətəndaşın da üzərinə müəyyən vəzifələr düşür.
ÜST ekspertlərinin fikrincə, pandemiya bir qədər “geri çəkilsə” də, ehtiyatı əldən vermək faciəvi nəticələrə yol aça bilər. Həkimlər bildirirlər ki, virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına, şəxsi gigiyenaya riayət etməkdir. Azərbaycan rəsmiləri xəbərdarlıq edirlər ki, biz nə qədər həmrəy olub həm özümüz, həm də ətrafda olan insanlar, yaxınlarımız tərəfindən sadə qaydalara əməl olunmasını təmin edə bilsək, bir o qədər də sağlamlığımızı və təhlükəsizliyimizi etibarlı şəkildə təmin edə bilərik.
Dövlət bu istiqamətdə nələr etməyib?! Üstəlik, Prezident İlham Əliyevin bilavasitə bu məsələyə həsr olunmuş müşavirədəki tapşırığına əsasən, növbəti sosial dəstək tədbiri kimi, avqust ayında sərt karantin rejimi tətbiq edilən 13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmənin verilməsi üzərində iş gedir. Xatırladaq ki, məşğulluq və sosial rifaha dəstək tədbirləri təqribən 5 milyon nəfəri əhatə edir. Rəsmi məlumatlarda bildirilir ki, dövlət sektorunda çalışan 900 min nəfərin 80 faizi işə çıxmasa da, iş yeri və əməkhaqları qorunub. Dövlətin dəstəyi sayəsində özəl sektorun rəhbərləri 760 min nəfərin işsizliklə üzləşməsinin qarşısını alıblar. Əlavə edək ki, ilin əvvəlindən əmək müqavilələrinin sayı 19 faiz, əməkhaqqı fondu isə 15 faiz artıb.
Bildirilir ki, işsizlər və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslər üçün nəzərdə tutulan 190 manat (yaşayış minimumu) birdəfəlik ödəmə verilib. Aprel-may aylarında ölkə üzrə 600 min şəxsə 225 milyon manat məbləğində vəsait ödənilib. Yaxud, sərt karantin rejimi tətbiq edilən iyul ayında 16 şəhər və rayon (Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax, Abşeron Goranboy, Göygöl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki) üzrə 290 min şəxsə birdəfəlik ödəmə üçün ümumilikdə 55 milyon manat vəsait ayrılıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı avqustun 6-da videoformatda keçirdiyi müşavirədəki tapşırığına əsasən, növbəti sosial dəstək tədbiri kimi, avqust ayında sərt karantin rejimi tətbiq edilən 13 şəhər və rayon üzrə (Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları) 190 manat birdəfəlik ödəmə veriləcək. Ödəmə həmin şəhər və rayonlar üzrə 278 min nəfəri əhatə edəcək və bunun üçün 53 milyon manat vəsait ödəniləcək.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın avqustun 8-də keçirilən brifinqində ölkəmizdə sərt karantin rejiminin yumşaldılması ilə bağlı tədricən addımların atılacağını söyləyərək deyib: “Qarşımızda duran ən vacib məsələ bu virusun yayılmasının sürətinin aşağı salınmasıdır. Burada da üç əsas istiqamət var. Birincisi tətbiq olunan karantin rejiminin çox sadə qaydalarına riayət etməkdir. Yəni, tibbi maskadan istifadə etmək, sosial məsafə saxlamaq və digər xüsusi tələblərə əməl etmək. Bu, ən önəmli məsələdir və hər birimizdən asılıdır. Bu qaydalara əməl etsək, virusun yayılma sürətini aşağı salacağıq. İkinci istiqamət qoyulmuş tələblərə nəzarətin həyata keçirilməsidir. Bu, məsələdə əsas yük hökumətin üzərinə düşür və bununla bağlı ciddi addımlar atılır və atılacaq. Üçüncü istiqamət isə yoluxma hallarının erkən müəyyən edilməsi və yoluxanların erkən təcrid olunmasıdır”.
Qeyd etmək istəyirəm ki, ölkə rəhbərliyinin əzmi və qətiyyəti sayəsində hər üç istiqamətdə ciddi irəliləyişə nail olunub. Atılan addımlar, Azərbaycanda Birinci vitse-Prezident Mehriban Əliyevanın təbirincə desək, “hər şeyin insan üçün” olduğunu bir daha əminliklə vurğulamağa əsas verdi. Azərbaycan dövlətinin hər sıravi vətəndaşının təhlükəsizliyinin, sağlamlığının keşiyində durmasına mən bu mürəkkəb şəraitdə şəxsi təcrübəmdə yenidən əmin oldum. Şübhəsiz faktdır ki, insan problemlə üzləşmədən onun ağırlığını tam mənada dərk edə bilmir. Mən də dünyanın hər yerində hökm sürən koronavirusun “dəhşətləri” ilə atam bu bəlaya mübtəla olduğunda üz-üzə qaldım. Həkimlərin dediyinə görə, bu xəstəliyin peyvəndi tapılmadığına görə yoluxma ehtimalı çoxdur və biz öz ailəmizin timsalında həmin arqumentin şahidinə çevrildik. Fövqəladə Hallar Nazirliyinin modul xəstəxanasında müalicə alan atamın yanına buraxılmasaq da, hər gün oraya gedir və olduqca mürəkkəb vəziyyətdə çalışan həkimlərin məsuliyyətini, qayğıkeşliyini, hər bir xəstəyə öz doğmaları kimi münasibət bəslədiklərini görürdüm. Hər kəsin insanlardan uzaq gəzməyə çalışdıqları bir dönəmdə “qırmızı zona”ya girib-çıxmaq cəsarətinə malik qəhrəmanların yerində özümü təsəvvür belə edə bilmirəm. Bu səbəbdən real təhlükədən qorxmadan bizlərin həyatını xilas etməyə çalışan bu qəhrəmanlara minnətdarlığımızı ifadə etmək üçün sözlər yetərsizdir.
İndi atam tamamilə sağalıb və evdədir. O, ilk növbədə, dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmin tibb müəssisəsinin həkimlərinə minnətdarlığını və təşəkkürünü bildirir.
Biz atamın timsalında bir daha gördük ki, Azərbaycan dövləti istənilən vətəndaşın yanındadır və onun sağlamlığının qorunması üçün əlindən gələni əsirgəmir. Belə dövləti, belə liderləri olan xalq istənilən çətinliyə sinə gərə bilər.

Cəmiyyət 2020-08-11 14:32:00