×
A
A
A
Sazlamalar

COVID-19: yüz gün ərzində Yeni Zelandiyada infeksiyanın heç bir yayılma halı qeydə alınmayıb

Bakı, 11 avqust, AZƏRTAC

Bu həftə COVID-19 virusuna yoluxma hallarının sayı 20 milyona, ölüm hallarının sayı isə 750 minə çatacaq. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus Cenevrədə keçirilən brifinqdə xəbərdarlıq edib. AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla bildirir ki, buna baxmayaraq, Yeni Zelandiyada, artıq yüz gündür, ölkə daxilində infeksiyanın heç bir yayılma halı qeydə alınmayıb.
ÜST rəhbəri vurğulayıb: “Pandemiya ilə səmərəli mübarizədə iki element son dərəcə vacibdir - liderlər tərəfindən qətiyyətli tədbirlərin görülməsi və vətəndaşlar tərəfindən onlara dəstək göstərilməsi”. Onun sözlərinə görə, Yeni Zelandiya digərləri üçün nümunə ola bilər – ölkədə son yüz gün ərzində infeksiyanın yayılma halının qeydə alınmamasına baxmayaraq, Baş Nazir Casinda Arden vətəndaşları ayıq olmağa çağırıb.
Doktor Tedros qeyd edib ki, Fransa, Almaniya, Cənubi Koreya, İspaniya və Böyük Britaniya da epidemiyanı yaşayıb, lakin infeksiyanın yayılmasını dayandıra biliblər. Bir çox ölkələr COVID-19-un yayılmasının ayrı-ayrı hallarının qarşısını almaq üçün mövcud alətlərdən istifadə edirlər. Belə ki, Böyük Britaniyanın Baş Naziri Boris Conson kütləvi yoluxma hallarının aşkar edildiyi bir neçə şimal rayonunda yerli karantin tətbiq edib, Fransa Prezidenti Makron isə hətta açıq havada belə ictimai yerlərdə maskadan istifadə edilməsi barədə göstəriş verib.
“Bu cür qətiyyətli və məqsədyönlü tədbirlər digər səmərəli alətlərin realizə edilməsi ilə birlikdə, xəstəliyə yeni yoluxmaların qarşısını almağa və təhlükəsiz şəkildə normal həyata qayıtmağa imkan verir”, - doktor Tedros qeyd edib. O, həmçinin planetin əhalisinin xəstəliyin müalicəsi və qarşısının alınması üzrə tədbirlərə bərabər çıxışını təmin etmək məqsədilə beynəlxalq ictimaiyyəti birgə hərəkət etməyə çağırıb. Eyni zamanda, bu məqsədlə yaradılmış fonda hələ ki tələb olunan vəsaitin yalnız on faizi daxil olub. ÜST rəhbəri bildirib ki, təkcə vaksinlərin əldə edilməsinə 100 milyard dollar lazımdır.
Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə hallar üzrə icraçı direktoru Mayk Rayan vurğulayıb: “Hazırda biz koronavirusun mövsümi xarakter daşıdığını hiss etmirik, lakin aydın şəkildə görürük ki, epidemiyaya qarşı tədbirlər zəifləyən an virus geri qayıdır”.
ÜST-nin texniki eksperti Mariya Van Kerkxove yaşadığı yerdən asılı olmayaraq, planetin hər bir sakinini infeksiya ilə mübarizədə öz rolunu dərk etməyə və yoluxma riskini azaltmaq üçün səy göstərməyə çağırıb: “Əgər sizdən xahiş edirlərsə, zəhmət olmasa, evdə qalın, əgər buna baxmayaraq, sizə işlə əlaqədar çıxmaq lazımdırsa, bütün tövsiyə olunan ehtiyat tədbirlərinə riayət edin. Əgər sizdən dükana və ya ictimai nəqliyyata girməzdən əvvəl maska taxmağı xahiş edirlərsə və ya insanların toplaşdığı yerlərdən uzaq olmağı tövsiyə edirlərsə, qulaq asın, özünüzü infeksiyadan qoruyun”.
Doktor Rayan, həmçinin xatırladıb: “Virusun beyni yoxdur, bizdə var. Virus insan hüceyrələrinə nüfuz etməyə və reproduksiya olmağa qadir olan son dərəcə sadə bioloji orqanizmdir. O, insan ölümünə, yaxud ən azı digərlərinin yoluxmalarına səbəb ola bilər. Virus sadə olduğuna baxmayaraq, çox qəddar və amansızdır, lakin bizdə olan beyin onda yoxdur”.

Səhiyyə 2020-08-11 13:44:00