×
A
A
A
Sazlamalar

Bakı polisi: Fəaliyyətinə icazə verilən obyektlərdə, ictimai nəqliyyatda nəzarət-profilaktiki reydlər keçirilir

Bakı, 11 avqust, AZƏRTAC 

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları fəaliyyətinə icazə verilən obyektlərdə, ictimai nəqliyyatda və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydlər keçirirlər.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları və Daxili Qoşunların naryad qrupları tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərar və göstərişlərinin icrası, karantin rejiminə əməl olunması üçün qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət və əhaliyə məişət xidmətləri göstərən (iri ticarət mərkəzləri istisna olmaqla) obyektlərdə, küçə və prospektlərdə profilaktik söhbətlər aparılır, pandemiyasının təhlükələri, ondan qorunma yolları haqqında məlumatlar verirlər.
Tədbirlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (maskalardan) istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunur. Diqqətə çatdırılır ki, hər bir hərəkət iştirakçısı tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün sanitar-epidemioloji qayda və tələblərə ciddi riayət etməlidir.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində inzibati tədbirlər görülür.
Nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

 

Sosial 2020-08-11 12:25:00