×
A
A
A
Sazlamalar

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

Bakı, 10 avqust, AZƏRTAC

2020-ci il iyun ayında çap olunan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci nömrəsində ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yığcam xarakteristikası, ixtisaslar üzrə kadr hazırlığı aparan təhsil müəssisələri haqqında məlumatlar, bu ixtisaslar üzrə müsabiqə şərtləri, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyələr, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, normativlər, bir sözlə, imtahana hazırlaşmaq üçün fayda verə bilən ən zəruri materiallar əksini tapıb.
Jurnalın 2-ci nömrəsində isə orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul imtahanının qabiliyyət imtahanı mərhələsi və müsabiqənin keçirilməsi şərtləri, ixtisasların yaradıcılıq qabiliyyətinin yoxlanılması komissiyaları (YQYK) üzrə bölgüsü, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər və digər faydalı məlumatlar əksini tapıb.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Jurnalların elektron versiyasını (PDF formatında) DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal).

Elm və təhsil 2020-08-10 15:16:00