×
A
A
A
Sazlamalar

Lənkəranda istifadəsiz qalmış torpaqlarda müasir üsulla sitrus bağı salınıb

Lənkəran, 10 avqust, Bağır Əliyev, AZƏRTAC

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası istiqamətində Lənkəran rayonunda həyata keçirilən tədbirlər sırasında kənd təsərrüfatı işləri üstünlük təşkil edir. Prezident İlham Əliyevin davamlı diqqət və qayğısı ilə ötən dövrdə rayonda aqrar sahədə köklü müsbət dəyişiklərə yol açan iri investisiya layihələri icra olunub, əkin sahələri genişləndirilərək məhsul istehsalı artıb, kəndlərdə yeni iş yerləri açılıb, kənd təsərrüfatı məhsulları istehsalçılarının gəlirləri çoxalıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu inkişafın bəhrələrini rayonda xüsusilə çayçılıq, çəltikçilik və sitrusçuluq sahəsində aydın görmək olar. Lənkəranda keçirilmiş çayçılıq, çəltikçilik və sitrusçuluğun inkişafı məsələlərinə dair müşavirənin və müşavirədən sonra sözügedən sahələrin inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarının icrası istiqamətində görülən işlərin nəticələri bu gəlirli sahələrin gələcək inkişafı üçün yeni perspektivlər açıb.
Lənkəran rayonunda sahibkarlığın inkişafına göstərilən diqqət, iş adamları üçün yaradılan əlverişli biznes mühiti və təbii ehtiyatlar yerli sahibkarlarla yanaşı, xarici investorların da diqqətini cəlb edib, nəticədə çayçılıq və çəltikçiliklə bərabər, sitrusçuluğun inkişafına da investisiya qoyuluşuna güclü təkan verib.
Bu sahədə görülən uğurlu layihələrdən biri də Lənkəran rayonunun Separadi kəndində yeni salınan “Lend fruit” sitrus təsərrüfatıdır. İş adamı Azər Qurbanov tərəfindən rayonun Separadi kəndi ərazisində istifadəsiz qalmış torpaq sahəsində ümumi həcmi 10,7 milyon manat olan layihə çərçivəsində limon, portağal və qreyfrut bitkilərindən ibarət sitrus bağı salınıb. Ərazidə Türkiyədən gətirilmiş 135 min ədəd ting əkilib, damcı üsulu ilə işləyən suvarma sistemi və ölkədə ilk dəfə olaraq qış mövsümündə sitrus plantasiyası ərazisində şaxtanı 10 dərəcə aşağı salacaq, dəyəri 2 milyon 200 min dollar olan “Donqoruyan Pərvanə” (“Frost Guard”) tipli xüsusi avadanlıq quraşdırılıb.
Bundan əlavə, şirkət rayonun Şağlaser kəndində Türkiyədən gətirilmiş məhsuldar qoz tinglərindən ibarət 4 hektar sahədə bağ salıb. Hazırda təsərrüfatda 120 nəfər yerli sakin çalışır.

Kənd təsərrüfatı 2020-08-10 12:30:00