×
A
A
A
Sazlamalar

General-leytenant Fuad Məmmədov vəfat edib

Bakı, 10 avqust, AZƏRTAC 

Azərbaycan Ordusuna ağır itki üz verib.
AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyinin yaydığı məlumatda general-leytenant Məmmədov Fuad Nadir oğlunun avqustun 10-da ürək çatışmazlığından vəfat etdiyi bildirilib.
F.Məmmədov 1968-ci il yanvarın 31-də Bakıda anadan olub. 1985-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib. 1990-cı ildə Riqa Ali Hərbi Aviasiya Mühəndislər məktəbini bitirib və həmin ildən 1992-ci ilədək Zaqafqaziya Hərbi Dairəsində xidmətini davam etdirib.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən F.Məmmədov 1992-ci ildən Silahlı Qüvvələrin Hərbi Hava Qüvvələrində qrup rəhbəri, eskadrilya komandirinin müavini, baş mühəndis, Hərbi Hava Qüvvələri Komandanının maddi-texniki təminat üzrə müavini vəzifələrində xidmət edib.
O, 2015-ci il avqustun 20-dən 2020-ci il iyulun 8-dək Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib.
Xidmətini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı idi.
General-leytenant Məmmədov Fuad Nadir oğlunun əziz xatirəsi Azərbaycan Ordusunun şəxsi heyətinin və onu tanıyanların qəlbində həmişə yaşayacaq.
Fuad Məmmədovun vəfatı ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və nazirliyin digər rəsmiləri başsağlığı veriblər.

Ordu 2020-08-10 12:01:00