×
A
A
A
Sazlamalar

Muxtar respublikanın vergi orqanları üzrə müəyyən edilmiş proqnoz 102 faiz icra olunub

Naxçıvan, 8 avqust, AZƏRTAC

2020-ci ilin birinci yarısında muxtar respublikanın vergi orqanları üzrə müəyyən edilmiş proqnoz 102 faiz icra olunub.
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, hesabat dövründə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsi üzrə proqnoz 116,9, İşsizlikdən Sığorta Fondunun büdcəsi üzrə proqnoz isə 110,9 faiz icra edilib.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq 25 vergiödəyicisində aparılan monitorinq zamanı 33 yeni əmək müqaviləsinin bağlanılmasına nail olunub.
Hesabat dövründə “Bir pəncərə” qeydiyyat sistemi vasitəsilə 15 kommersiya hüquqi şəxs və 7 publik hüquqi şəxs dövlət qeydiyyatına, habelə 6 qeyri-kommersiya hüquqi şəxs vergi uçotuna götürülüb. Həmçinin bu dövrdə yerli vergi orqanları tərəfindən 1223 fiziki şəxs sahibkarlıq uçotuna alınıb. Qeydiyyata alınan sahibkarlıq subyektlərinin 75,7 faizi muxtar respublikanın rayonlarının payına düşüb.
Vergi ödəyicilərinə xidmət strukturları tərəfindən fiziki və hüquqi şəxslərdən daxil olmuş 2163 yazılı müraciət cavablandırılıb, maarifləndirmə istiqamətində vergiödəyiciləri ilə 11 görüş keçirilib. Bu məqsədilə onların elektron ünvanına, ümumilikdə, 84 min 940 bildiriş və müraciət göndərilib.
Hesabat dövrünə uyğun olaraq nağdsız ödənişlərin həcminin artırılması məqsədilə “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbir keçirilib, nağdsız hesablaşmalardan istifadə edərək 400 manatdan yuxarı məbləğdə nağdsız ödəniş aparan vətəndaşların ödədikləri məbləğə müvafiq olaraq 426 vətəndaşa 25 min manatlıq müxtəlif hədiyyələr təqdim edilib.

Regionlar 2020-08-08 19:32:00