×
A
A
A
Sazlamalar

Arvadını dənizdə boğaraq öldürməkdə şübhəli bilinən şəxs tutulub

Bakı, 8 avqust, AZƏRTAC

Avqustun 7-də gecə saat 23 radələrində Sumqayıt şəhər sakini 1987-ci il təvəllüdlü Şəhanə Əhmədovanın dənizdə boğularaq ölməsi ilə bağlı məlumat daxil olub.
Sumqayıt Şəhər Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Araşdırmalarla 1986-cı il təvəllüdlü Anar Əhmədovun Sumqayıt şəhəri Sahil küçəsində yerləşən istirahət mərkəzindən dənizə birlikdə daxil olduğu hamilə arvadı Şəhanə Əhmədovanı aralarında yaranmış mübahisə nəticəsində boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Anar Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Hadisə 2020-08-08 13:05:00