×
A
A
A
Sazlamalar

Azərbaycan gənci hər an Vətənin müdafiəsinə hazırdır

Bərdə, 8 avqust, AZƏRTAC

Azərbaycan gəncləri Vətən qarşısında vətəndaşlıq vəzifələrini layiqincə başa düşür və ərazi bütövlüyümüzün qorunmasında, milli dövlət quruculuğunda fəal iştirak edirlər. İstər 2016-cı ilin aprelində cəbhənin Füzuli və Tərtər rayonları, istərsə də 2020-ci ilin iyulunda Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı Azərbaycan gəncliyi bir daha Vətənin müdafiəsinə, düşmən tapdağı altında olan torpaqlarımızı azad etməyə hər an hazır olduğunu bir daha sübut etdi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Bərdə Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən “Vətənin müdafiəsinə hazırıq” adlı videokonfransda səsləndirilib.
Bərdə Rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli çıxışında vətənpərvərlik mövzusunun hər zaman gənclər siyasətinin əsas tərkib hissəsi olduğunu bildirib. Gənclərimizə vətənpərvərlik tərbiyəsi hisslərini aşılamaq üçün belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib.
Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Etibar xanım Hüseynova, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon Şöbəsinin rəis müavini Ceyhun Əsədov, İctimai Televiziyanın Qarabağ bölgə müxbiri Şöhrət Eyvazov, Bərdə Rayon İcra Hakimiyyətinin məsləhətçisi Səbuhi Qasımov, Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov və digər çıxış edənlər ölkəmizdə gənclərlə iş sahəsində aparılan siyasətdən, dövlətin ordu quruculuğu ilə bağlı gördüyü işlərdən danışıb, gənclərin vətənpərvər ruhda tərbiyəsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Azərbaycan ordusu düşmənin təxribatının qarşısını rəşadətlə aldı. Cəbhədə döyüşlər gedən zaman gənclərimiz ordumuza və əsgərlərimizə dəstək nümayiş etdirərək, hər an Vətənin müdafiəsinə hazır olduqlarını bildirdilər. Prezident İlham Əliyevin çağırışına uyğun olaraq, ən qısa zamanda on minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdi. Son hadisələr Azərbaycan ordusunun qüdrətini nümayiş etdirmklə yanaşı, ordu-xalq birliyini, gənclərimizin yüksək vətənpərvərliyini, onların torpaqlarımızın düşmən tapdağında qalması ilə heç zaman barışmayacağını bir daha göstərdi.
Videokonfransda gənclərin sualları cavablandırılıb.

Regionlar 2020-08-08 11:13:00