×
A
A
A
Sazlamalar

Balakən rayon sakininin işlədiyi zavodda ağır xəsarət alması ilə bağlı cinayət işi başlanıb

Bakı, 8 avqust, AZƏRTAC

Avqustun 7-də Balakən rayon sakini Eldar Dərvişzadənin sağ bazunun travmatik amputasiyası diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat verilib.
Zaqatala Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib.
Aparılan ilkin araşdırmalarla müəyyən olunub ki, Eldar Dərvişzadə avqustun 5-də işlədiyi Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində yerləşən asfalt zavodunda xəsarət alıb.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə zəruri ekspertizalar təyin olunub.
Cinayət işi üzrə təqsirli şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

Hadisə 2020-08-08 11:08:00