×
A
A
A
Sazlamalar

Səbail rayonunda karantin qaydalarına zidd olaraq qanunsuz fəaliyyət göstərən uşaq bağçası aşkarlanıb

Bakı, 8 avqust, AZƏRTAC 

Səbail rayonunun Əlibəyov qardaşları küçəsi 42, mənzil 9 ünvanında yaşayış üçün nəzərdə tutulan mənzildə karantin qaydalarına zidd olaraq qanunsuz fəaliyyət göstərən uşaq bağçası aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumat daxil olan kimi Səbail Rayon Polis İdarəsinin və 8-ci polis bölməsinin əməkdaşları həmin ünvana yollanıblar. Baxış zamanı həmin ünvanda yaşayan Səfərəli Mikayılovun və həyat yoldaşı Yeganə Mikayılovanın karantin qaydalarını kobud sürətdə pozaraq uşaq bağçası təşkil etdikləri məlum olub.
Qeyd edək ki, ev sahibləri polis əməkdaşlarını görən kimi əvvəlcə bu fəaliyyətlə məşğul olmadıqlarını bildiriblər. Hətta onlar mənzildəki azyaşlıları hamam otağında gizlədərək məsuliyyətdən yayınmağa da çalışıblar. Amma polis əməkdaşlarının ortaya qoyduqları təkzibedilməz sübutlar qarşısında Səfərəli Mikayılov və Yeganə Mikayılova törətdikləri qanun pozuntusunu etiraf ediblər.
Mənzilə baxış zamanı 7 azyaşlı uşaq müəyyən edilib və onlar valideynlərinə təhvil veriliblər. Bağçanın sahibləri saxlanılaraq polis bölməsinə aparılıblar. Həmin şəxslərə ciddi xəbərdarlıq edilərək barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Onların hər biri ayrı-ayrılıqda 400 manat məbləğində cərimələniblər.
Övladlarının sağlamlıqlarını risk altına qoyan valideynlər də məsuliyyətdən yayına bilməyiblər. Qanunsuz fəaliyyət göstərən uşaq bağçasına övladlarını göndərən şəxslər barəsində də inzibati protokollar tərtib edilib və onlar cərimə olunublar.

Hadisə 2020-08-08 11:02:00