×
A
A
A
Sazlamalar

Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan hər bir addım razılıqla qarşılanır

Bakı, 7 avqust, AZƏRTAC

Koronavirus pandemiyasının ölkəmizin iqtisadiyyatına və sosial həyatına mənfi təsirini azaltmaq məqsədilə Azərbaycan hökuməti tərəfindən sistemli tədbirlər həyata keçirilir. Tədbirlər Planına uyğun olaraq sosial paketin tam icra edilməsi karantin və pandemiya dövründə vətəndaşların yaşayışına çox ciddi köməkdir. Dövlətimiz çalışır ki, bu cür çətin və həssas məqamda sosial proqramlar ixtisar olunmasın. Azərbaycan koronavirusla mübarizədə dünyada az sayda nümunəvi ölkələrdən biridir. Biz bunu həm sosial lahiyələrdə, həm də xəstəliklə mübarizədə aydın gördük.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova söyləyib.
Deputat bildirib ki, epidemiyanın yaratdığı fəsadlara və çətinliklərə baxmayaraq, ölkəmizdə heç bir sosial layihə ixtisar olunmadı, əksinə, sosial təminat istiqamətində tədbirlərin sayı daha da artırıldı. Biz bunu qaçqın və məcburi köçkünlərə, Qarabağ müharibəsi veteranlarına və əlillərinə, şəhid ailələrinə evlərin verilməsində gördük. İyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlilllərinə mənzillər və avtomobillər təqdim olundu. Ötən il müharibə əlillərinə və şəhid ailələrinə 934 mənzil verildiyi halda, bu il onların sayı rekord həddə -1500-ə çatdırılacaq. Ötən müddət ərzində 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və bu kateqoriyadan olan 7 minə yaxın avtomobil verilib.
Qeyd edilib ki, dövlətin dəstək proqramına uyğun olaraq aprel-may aylarında 600 minədək, iyul ayında 16 rayon və şəhər üzrə 290 minə yaxın aztəminatlı və işsiz şəxsi əhatə edən aylıq 190 manat birdəfəlik ödəmə proqramının icra edilməsi, məşğulluq imkanlarının artırılması üçün ödənişli ictimai iş yerlərinin sayının 90 minə çatdırılması, özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailənin kiçik təsərrüfatlarının qurulması vətəndaşlara diqqət və qayığının əyani sübutudur. Eyni zamanda, 85 min ailənin 350 mindən çox üzvünün ünvanlı dövlət sosial yardımı, 100 minədək aztəminatlı ailənin ərzaq paketi, 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi ilə əhatə olunması işlərinin aparılması koronavirus pandemiyası şəraitində reallaşdırılan bənzərsiz sosial müdafiə tədbirlərinin, Prezident İlham Əliyevin “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”, “Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır” fikirlərinin bariz nümunələridir.
“Hökumət xüsusi karantin rejimində əhalinin sosial vəziyyətini sabit saxlamaq üçün dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqının qorunması üçün məqsədyönlü tədbirlər həyata keçirib. Elektron sistem üzərindən prosesə gündəlik nəzarət edilir. Bununla da 2020-ci yanvarın 1-dən özəl sektorda əmək müqavilələrinin sayında 110 minədək, yəni, 17 faizlik artım baş verib. Əmək müqaviləsi ilə özəl sektorda işləyən insanların sayı isə 751,3 minə çatıb. Bu gün Prezident İlham Əliyevin əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi hər bir qərar, atdığı hər bir addım cəmiyyətdə razılıqla qarşılanır, böyük rəğbət doğurur”, - deyə Sevinc Hüseynova vurğulayıb.
Deputat diqqətə çatdırıb ki, koronavirus xəstəliyi ilə bağlı bütün məsələlər dövlətin ciddi nəzarəti nəzarət altındadır. İlk günlərdən etibarən xəstəxanaların yeni şəraitə uyğunlaşdırılması, müasir səhiyyə infrastrukturunda görülən işlər diqqət çəkir. Pandemiya dövründə yeni səhiyyə ocaqlarının, həmçinin modul tipli xəstəxanaların açılması və koronavirus xəstələrinin ixtiyarına verilməsi, laboratoriyaların, tibbi avadanlıqların, dərman preparatlarının alınması, qoruyucu vasitələrin istehsalının təşkili, testlərin keçirilməsinə görə ölkəmizin dünya miqyasında qabaqcıl yerlərdə olması qürurvericidir. Dövlətimiz həkim çatışmazlığı ilə bağlı problemləri vaxtında həll edərək Türkiyə, Rusiya, Kuba, İtaliya və Çindən həkim briqadalarının Azərbaycana gətirilməsini təmin edib.
Eyni zamanda, deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və operativ qabaqlayıcı tədbirlərin, o cümlədən xüsusi karantin rejiminin və sərtləşdirilmiş tədbirlərin görülməsi nəticəsində koronavirusla mübarizə sahəsində yenidən müsbət dinamika əldə olunub. Operativ Qərargah tərəfindən karantin qaydalarında yumşalmalar edilir. Amma bu, vətəndaşlarımızı arxayınlaşdırmamalıdır. Kifayət qədər diqqətli olmalıyıq ki, yenidən problemlər yaşamayaq.

Cəmiyyət 2020-08-07 20:53:00