×
A
A
A
Sazlamalar

Videokonfransda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, onunla bağlı xatirələrdən bəhs edilib

Bərdə, 7 avqust, AZƏRTAC
Bərdə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə “Xoş xatirələr” adlı videokonfrans keçirilib. Ulu öndər Heydər Əliyevin zəngin irsinin təbliğ edilməsi, onun həyat və fəaliyyətini yetişməkdə olan gənc nəslə çatdırılması məqsədilə keçirilən videokonfransda Bərdə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, regional idarənin şəhər və rayonlar üzrə nümayəndələri, respublikanın şəhər və rayon Heydər Əliyev mərkəzlərinin direktorları, gənc mədəniyyət işçiləri, könüllülər, Ulu Öndərlə bağlı xatirələri olan ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, videokonfransda çıxış edən regional idarənin rəisi İlyas Hacıyev ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edib. Bildirib ki, Heydər Əliyev Azərbaycan tarixində parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi qalıb.
Regional idarənin rəisi ümummilli lider Heydər Əliyevin Bərdəyə səfərlərindən və onunla bağlı xatirələrdən də söz açıb. Bildirib ki, ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu illərdə Bərdəyə 14 dəfə səfər edib, əmək adamları, sadə bərdəlilərlə unudulmaz görüşlər keçirib. Onun Bərdəyə hər gəlişi rayon tarixinin şanlı səhifəsinə çevrilib.
İ.Hacıyev ulu öndər Heydər Əliyevin hər çıxışının vətənpərvərlik nümunəsi, millətinə, dövlətinə bağlılıq, sədaqət və rəğbət göstəricisi olduğunu qeyd edərək, gənclərimizin də bu ruhda tərbiyə olunmasının önəmini vurğulayıb. Bildirib ki, müstəqil Azərbaycan respublikası bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Azərbaycan xalqı xoşbəxt gələcəyə doğru qətiyyətlə addımlayır, ölkəmiz siyasi və iqtisadi cəhətdən qüdrətlənir.
Videokonfransda Samux, Şəki, Ağdam, Yardımlı, Bərdə, Tərtər, Zərdab, Kürdəmir, Şamaxı və digər rayonların Heydər Əliyev mərkəzlərinin əməkdaşları və həmin şəhər və rayonlarda yaşayan, vaxtilə ümummilli lider Heydər Əliyevlə görüşmüş insanlar çıxış edərək, Ulu Öndərin həyat və fəaliyyətinin müəyyən məqamlarından bəhs edib, onunla bağlı xatirələrini bölüşüblər.

Regionlar 2020-08-07 18:25:00