×
A
A
A
Sazlamalar

Yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər müzakirə olunub

Naxçıvan, 7 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Ordubad, Şərur, Kəngərli, Sədərək və Şahbuz Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələrində 2020-ci ilin birinci yarımilində görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, iclaslarda müvafiq şöbələrin rəisləri bu ilin birinci yarımilində görülən işlər barədə məruzə edib, şəhər və rayonlarda yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi, taxıl biçininin təhlükəsiz şəraitdə başa çatdırılması, eləcə də fərdi yaşayış evlərində, ictimai yaşayış binalarında qaz və elektrik cihazlarından istifadə ilə bağlı aşkar olunmuş nöqsanların aradan qaldırılması, ictimai yaşayış binalarında tüstü bacalarının təmizlənməsi, habelə əhali arasında dəm qazı ilə zəhərlənmələrin və digər xoşagəlməz halların baş verməməsindən bəhs ediblər.
Dövlət Yanğın Nəzarəti bölmələrinin rəisləri çıxışlarında 6 ay ərzində müəssisə və təşkilatlarda, fərdi yaşayış evlərində, potensial təhlükəli obyektlərdə yanğına qarşı aparılan qabaqlayıcı profilaktiki tədbirlərdən, pandemiyaya qarşı dezinfeksiya işlərindən söz açıblar.
Əlavə olaraq, şöbələrin növbətçi yanğınsöndürmə xidmətlərinin rəisləri şəxsi heyətin döyüş və peşə hazırlığının artırılması, nizam-intizamın yüksəldilməsi, habelə yanğınsöndürmə avtomobillərinə və yanğına qarşı avadanlıqlara qulluq və xidmətin göstərilməsi istiqamətində görülən işlərdən, buraxılan nöqsanlardan və qarşıda duran vəzifələrdən danışıblar.
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi Aparatının Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi polkovnik Emin Qasımov tədbirlərdə çıxış edərək altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasından və nazirliyin kollegiya iclasından irəli gələn vəzifələri şəxsi heyətin diqqətinə çatdırıb, muxtar respublika ərazisində yanğın təhlükəsizliyinin təmin olunması, baş verə biləcək yanğınların operativ və çevik söndürülməsi üçün yanğınsöndürənlərin döyüş və peşə hazırlığının artırılmasından bəhs edib.

Regionlar 2020-08-07 18:20:00