×
A
A
A
Sazlamalar

“Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində növbəti görüşün qonağı beşqat dünya çempionu Rafael Ağayev olub

Bakı, 7 avqust, AZƏRTAC

“Könüllülər ili” çərçivəsində Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası, “Azərbaycan İdman Könüllüləri” və “Azərbaycan İdmançıları” İctimai birliklərinin təşkilatçılığı ilə reallaşdırılan “Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində növbəti onlayn görüş keçirilib.
“Azərbaycan İdman Könüllüləri” İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, budəfəki tədbirdə karate üzrə beşqat dünya çempionu, 11 dəfə Avropa çempionu, Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının (iki dəfə) qalibi olmuş Rafael Ağayevin idman ictimaiyyəti, gənclər və könüllülərlə görüşü təşkil olunub.
“Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin sədri Miraqil Seyidzadə çıxış edərək layihənin məqsədinin Azərbaycanın idman uğurlarının təbliği, idmançılarımızın ölkə ictimaiyyətinə, xüsusilə gənclərə tanıdılması, gənclərin idmana həvəsləndirilməsi olduğunu vurğulayıb.
“Azərbaycan İdmançıları” İctimai Birliyinin baş katibi Fərhad Acalov tədbir iştirakçılarına beşqat dünya çempionu Rafael Ağayevin uğurlu karyerası haqqında məlumat verib.
Rafael Ağayev idmana gəlişi, idmanla məşğul olduğu zaman keçirdiyi çətinliklər, qazandığı uğurlar və qarşıdakı hədəflərindən bəhs edib. O, qazanılan nailiyyətlərdə sırf fiziki gücün deyil, eyni zamanda, psixoloji hazırlığın da böyük rolu olduğunu qeyd edib.
Daha sonra Rafael Ağayev idman ictimaiyyətinin, gənclərin və könüllülərin suallarını cavablandırıb, onlara tövsiyələrini verib.

İdman 2020-08-07 17:37:00