×
A
A
A
Sazlamalar

Sevinc Fətəliyeva: Azərbaycan pandemiya şəraitində də beynəlxalq əlaqələrini uğurla davam etdirir

Bakı, 7 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya miqyasında nüfuzlu, söz sahibi olan dövlətə çevrilib. Bu gün ölkəmiz beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi qəbul olunur. Dövlətimizin təşəbbüslərinin qlobal miqyasda dəstəklənməsi də bu reallığın ifadəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
Sevinc Fətəliyeva bildirib ki, Prezident İlham Əliyev dünya üçün qlobal əhəmiyyət kəsb edən, bütün bəşəriyyətin üzləşdiyi COVID-19 pandemiyasına qarşı mübarizədə BMT Baş Assambleyasının Xüsusi Sessiyasının çağırılmasını təklif edib. Bu təklif dünyanın 130 ölkəsi tərəfindən dəstəklənib. İyulun 10-da Xüsusi Sessiya rəsmi olaraq başlayıb. Lakin dövlət və hökumət başçıları səviyyəsində müzakirələrin keçirilmə vaxtı ölkələr arasında aparılacaq məsləhətləşmələrdən asılı olacaq.
Deputat bildirib ki, hazırda bəşəriyyət İkinci Dünya müharibəsindən sonra ən böyük təhlükə ilə üzbəüz qalıb. Bu cür qlobal təhdidlər şəraitində BMT vəziyyətə uyğun reaksiya verərək, uzun vaxt apardığı üçün prosedur qaydalarını dəyişdirmədən müstəsna və presedent yaratmayan hal kimi videokonfrans formatında xüsusi sessiya keçirməlidir.
Nəzərə alsaq ki, bu gün bəşəriyyətin başına gələn fəlakət bütün dövlətləri əhatə edir, demək, hər bir dövlət özünün mənafeyini, iddialı mövqeyini bir kənara qoyaraq dünyanı xilas etmək, onu bu bəladan qurtarmaq və gələcəkdə ehtimal oluna biləcək təhlükələrə qarşı birgə mübarizə üçün strateji xartiyanın hazırlanması məqsədilə BMT-nin Baş Assambleyasının Xüsusi Sessiyasının ilk dəfə olaraq videokonfrans formatında keçirilməsi tarix üçün zəruri, əhəmiyyətli və vacibdir.
“Qlobal böhrana qarşı ortaq müdafiə strategiyasının təşəbbüskarı olan Azərbaycan Prezidentinin başlatdığı bu tarixi missiya tezliklə öz sözünü deyəcək. Həmçinin BMT Baş Assambleyası dövlət və hökumət rəhbərləri səviyyəsində iyulun 10-dan başlamış prosesi yaxın zamanda ən yüksək nöqtəyə çıxaracaq, tarixi zərurət olaraq qəbul edilmiş pandemiyaya, ondan sonra ortaya çıxacaq bütün qlobal bəlalara qarşı birgə müdafiə strategiyasının hazırlanması ilə bağlı ortaq sözünü deyəcək. Azərbaycan Prezidentinin irəli sürdüyü, dünya üçün vacib və əhəmiyyətli olan tarixi təşəbbüs bütün dünyanın birlikdə və bərabər mübarizə aparması üçün önəmli bir addım kimi tarixə düşəcək”, - deyən deputat qeyd edib ki, Azərbaycan hazırkı şəraitdə də beynəlxalq əlaqələrini uğurla davam etdirir.
S.Fətəliyeva söyləyib ki, Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu əsasda fəal əməkdaşlıq edir. Müstəqil siyasət həyata keçirən dövlətimizin xarici siyasətində milli maraqlarımız əsas götürülür. Məhz bunlar xarici siyasətdə, beynəlxalq müstəvidə uğurlarımızı şərtləndirən əsas amillərdən biridir.

Siyasət 2020-08-07 17:14:00