Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” Fondunun həyata keçirdikləri “Birlikdəyik” layihəsi davam edir

Bakı, 7 avqust, AZƏRTAC
“ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” Fondunun COVID-19 pandemiyası ilə mübarizəyə dəstək məqsədilə həyata keçirdikləri “Birlikdəyik” layihəsi davam edir.
AZƏRTAC xəbər verir ki, layihə əhaliyə ərzaq yardımlarının çatdırılması, antiseptik vasitələrin paylanılması, karantin rejimində çalışan həkimlərə müvafiq tibbi ləvazimatların təqdim olunması, eyni zamanda, sosial şəbəkələr vasitəsilə maarifləndirmə işinin aparılması məqsədi daşıyır.
Layihə çərçivəsində 20 min nəfəri əhatə edən aztəminatlı ailəyə zəruri qida və antiseptik vasitələrdən ibarət yardım qutularının, eyni zamanda, əhalinin sıx olduğu yerlərə, həmçinin vətəndaşlara xidmət göstərən mərkəzlərə “ABAD” publik hüquqi şəxs tərəfindən hazırlanan antiseptik vasitələrin paylanılması davam etdirilir. Vəzifə başında olan polislərə və jurnalistlərə də antiseptik vasitələr təqdim olunub.
“Birlikdəyik” layihəsi çərçivəsində karantin rejimində fəaliyyət göstərən min nəfər tibb personalının istifadəsi üçün nəzərdə tutulan tibbi ləvazimat artıq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) təhvil verilib. Ləvazimatlara min ədəd qoruyucu eynək, min ədəd qoruyucu kombinezon, 3 min şəffaf maska, 21 min əlcək, 7 min baxil və 20 min respirator maska daxildir. Bunlarla yanaşı, sosial şəbəkələrdə əhalinin maarifləndirilməsi həyata keçirilir. Burada virusdan qorunmağın yolları, simptomlar hiss olunduğu halda atılmalı olan addımlar, ictimai yerlərdə davranış qaydaları kimi məlumatlar paylaşılır.
Bu layihə “Coca-Cola” Fondunun dəstəyi ilə həyata keçirilir. Layihə COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması üçün “Coca-Cola” ilə əməkdaşlığın davamıdır. Bu il aprelin əvvəlində “ASAN Könüllüləri” Təşkilatı "Coca-Cola Azərbaycan”ın dəstəyi ilə ölkəmizdə karantin rejimində çalışan xəstəxanalar üçün 120 min su məhsulunun çatdırılmasını təşkil ediblər.

Sosial 2020-08-07 17:11:00