×
A
A
A
Sazlamalar

“Vətənin müdafiəsinə hazırıq” adlı onlayn görüş keçirilib

Bakı, 7 avqust, AZƏRTAC 

Azərbaycan Respublikasının Gənclər Fondu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazırıq” adlı onlayn tədbir keçirilib.
Fonddan AZƏRTAC-a verilən məlumata görə, onlayn tədbirdə vurğulanıb ki, iyunun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə düşmənin xain və qəfil təxribatının qarşısını rəşadətlə alan Azərbaycan Ordusu hərbi qüdrətini bütün dünyaya nümayiş etdirdi.
Qeyd edilib ki, həmin döyüşlərdə Azərbaycanın igid oğulları Vətən torpağının azadlığı uğrunda canlarından keçərkən, arxa cəbhədə də vətəndaşlarımız, xüsusilə gənclər ordumuza və əsgərlərimizə dəstək nümayiş etdirərək, hər an ön cəbhədə vətənin müdafiəsinə hazır olduqlarını bildiriblər. Prezident İlham Əliyevin çağırışına uyğun olaraq, ən qısa zamanda on minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib.
Görüşdə iştirak edən Qarabağ qaziləri və hərbi jurnalistlər bu şəraitdə Azərbaycan gəncliyinin öz gücünü necə göstərməsindən, ordumuza necə dəstək ola biləcəyindən danışıb və tövsiyələrini veriblər.
Azərbaycan Respublikasının Gənclər Fondunun rəsmi “Facebook” səhifəsindən canlı yayımlanan onlayn görüşə minlərlə gənc qoşulub.

Sosial 2020-08-07 17:03:00