×
A
A
A
Sazlamalar

Bakı Dövlət Universiteti alimlərinin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub

Bakı, 7 avqust, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar Mərkəzinin bir qrup əməkdaşının məqaləsi "Web of Science", "Clarivate Analytics" elmetrik beynəlxalq bazasına daxil olan yüksək impakt faktorlu jurnalda dərc olunub.
BDU-dan AZƏRTAC-a bildirilib ki, Mustafa Muradov, Lalə Qəhrəmanlı, Ofeliya Balayeva, İlyas Nəsibov, Qönçə Eyvazova, İmaməddin Əmiraslanov, Zöhrab Ağamalıyevin "CdxZn1-xS/PVS nanokompozitlərinin SILAR üsulu ilə formalaşma mexanizmi" adlı məqaləsi "Results in Physics" beynəlxalq jurnalında dərc edilib. Jurnalın impakt faktoru 4.019-dur.
Məqalədə CdxZn1-xS nanohissəciklərinin kristallizasiya mühitindən kationların birgə sorbsiyası üsulu ilə formalaşması zamanı nanohissəciklərin formalaşma mexanizmi araşdırılıb. Alınan zərrəciklərin kimyəvi tərkibi və optik xassələrinin kristallizasiya mühitində kationların nisbətindən (Cd2+/Zn2+) asılılığı müəyyən olunub. Nanohissəciklərin kimyəvi tərkibinə təsir göstərən amillərdən birinin sorbsiya mərkəzlərinin təbiəti olması göstərilib. Müəyyən edilib ki, polimer təbəqənin qalınlığı boyunca nanohissəciklərin paylanması qeyri-bircinsdir. Bu da nanohissəciklərin energetik vəziyyətinin səth və nazik təbəqənin daxilində müxtəlif olması ilə bağlıdır.

Elm və təhsil 2020-08-07 16:51:00