×
A
A
A
Sazlamalar

UEFA Avropa Liqası: daha iki klub dörddəbir finala vəsiqə qazanıb

Bakı, 7 avqust, Nicat Məmmədov, AZƏRTAC

UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin daha iki oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Sevilya” İtaliyanın “Roma” komandası ilə neytral meydanda - Almaniyanın Duysburq şəhərindəki “MSV Arena”da keçirdiyi görüşdə 2:0 hesablı qələbə qazanıb. Hər iki qol oyunun birinci hissəsində vurulub. Serxio Regilon 22-ci, Yussef En-Nesiri isə 44-cü dəqiqədə fərqlənib. Oyunun 90+10-cu dəqiqəsində “Roma”dan Canluka Mançini qırmızı vərəqə alıb.
Almaniyanın “Bayer” komandası isə Şotlandiyada 3:1 hesabı ilə yendiyi “Reyncers”i Leverkuzendəki “BayArena”da yenə məğlub edib - 1:0. Yeganə qola 51-ci dəqiqədə Mussa Diabi imza atıb.
Xatırladaq ki, Avropa Liqasında səkkizdəbir final mərhələsinin ilk 4 oyunu avqustun 5-də keçirilib. Danimarkanın “Kopenhagen” komandası Türkiyə çempionu “Başakşehir”i iki oyunun yekununda (0:1, 3:0) üstələyərək, mərhələ adlayıb. İngiltərənin “Mançester Yunayted” komandası Avstriya LASK-ına hər iki qarşılaşmada (5:0, 2:1) qalib gəlib. Dörddəbir finalda “Mançester Yunayted” “Kopenhagen”lə görüşəcək.
İspaniyanın “Xetafe” klubunu yenən (2:0) İtaliyanın “İnter” komandası növbəti mərhələdə “Bayer”lə qarşılaşacaq. “Sevilya” “Vulverhempton” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
Ukraynanın “Şaxtyor” komandası Almaniya “Volfsburq”undan hər iki matçda (3:1, 3:0) üstün olub. “Şaxtyor” növbəti mərhələdə “Ayntraxt” (Almaniya) – “Bazel” (İsveçrə) cütünün qalibi ilə qarşılaşacaq.

İdman 2020-08-07 00:05:00