×
A
A
A
Sazlamalar

Azərbaycanda təqribən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edilib

Bakı, 6 avqust, AZƏRTAC

Biz təqribən 5 milyona yaxın insanı geniş sosial paketlə əhatə etdik. Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, ancaq dövlət tərəfindən əməkhaqqı alır. 760 min insana lazımi maliyyə dəstəyi göstərildi və onların iş yerləri qorundu. Əks təqdirdə, 760 min insan işsiz qala bilərdi.
AZƏRTAC xəbər verir ki, bu rəqəmləri ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə Prezident İlham Əliyev səsləndirib.
Dövlətimizin başçısı qeyd edib ki, həmin insanların çalışdıqları sektorlar pandemiya nəticəsində ən böyük zərər görmüş sektorlardır. Sahibkarlar, işəgötürənlər indi gəlir əldə etmirlər və beləliklə, yüz minlərlə insan işsiz qala bilərdi. Yenə də dövlət operativ tədbirlər nəticəsində dərhal bu məsələyə müdaxilə etdi. Əlbəttə ki, bu məqsədlər üçün böyük maliyyə resursları xərclənib.
Prezident altı yüz min insana avqust ayında da 190 manat ödənilməsi barədə göstəriş verib
Altı yüz min işsiz insanın, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insanın dövlət tərəfindən qayğı ilə əhatə olunduğunu vurğulayan Prezident İlham Əliyev deyib: “Onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilir. Hesab edirəm ki, bu sosial dəstək bundan sonra da davam etdirilməlidir. Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır. Sizə göstəriş verirəm ki, avqust ayında da onlara 190 manat ödənilsin”.

Siyasət 2020-08-06 17:56:00