×
A
A
A
Sazlamalar

Rahim Əliyev: Yoluxmaların sayının azalması həyata keçirilən strategiyanın düzgün seçildiyini göstərir

Bakı, 6 avqust, AZƏRTAC 

COVID-19 pandemiyası həm tibbi-sosial, həm də iqtisadi və beynəlxalq əlaqələrə təsir edən qlobal problem kimi xarakterizə edilir. Uzun illər dünyanın ayrı-ayrı ölkələri tərəfindən formalaşdırılmış iqtisadiyyat qısa vaxt ərzində pandemiyanın təsirindən böyük zərərə uğrayıb, milyonlarla insan bu virusa yoluxub, yüz minlərlə insan koronavirusdan həyatını itirib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, bunu səhiyyə nazirinin müavini Rahim Əliyev “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda keçirilən beynəlxalq onlayn konfransda deyib.
Rahim Əliyev Azərbaycanda pandemiyanın ilk günlərdən ölkə rəhbərliyinin nəzarətində olduğunu bildirib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva öz çıxışlarında dəfələrlə bu virusla mübarizəyə dair çağırışlar edib, ölkəmizdə pandemiyanın müxtəlif sahələrə təsirinin qarşısının alınması istiqamətində vacib tədbirlər həyata keçirilib. Son günlərdə yoluxmaların sayının azalması, sağalanların sayında artımın müşahidə olunması, eləcə də xəstəliyin ağır formalarına rast gəlinmə tezliyinin aşağı düşməsi hökumət tərəfindən həyata keçirilən strategiyanın düzgün seçildiyini göstərir. Epidemioloji tədqiqatların nəticələri də yoluxma sayının azalmasına təsir edib.
COVID-19 virusunun profilaktikası, müalicəsi, klinik gedişi ilə bağlı dünyanın nüfuzlu elmi bazalarında dərc olunmuş elmi araşdırmalardan bəhs edən R.Əliyev bu istiqamətdə aparılan tədqiqatların geniş oxucu kütləsinə malik olduğunu vurğulayıb. Nazir müavini çıxışının sonunda bu cür beynəlxalq tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb, konfransın alimləri bir araya gətirərək onlara əldə etdikləri elmi nəticələrini bölüşmək üçün geniş imkanlar yaratdığını nəzərə çatdırıb.

Elm və təhsil 2020-08-06 13:02:00