×
A
A
A
Sazlamalar

Azərbaycanın şimal-qərb bölgəsində 6 qida dəyər zənciri yaradılacaq

Bakı, 6 avqust, AZƏRTAC

“Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqroərzaq sistemlərinin inkişaf etdirilməsi” layihəsinin onlayn təqdimatı keçirilib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a verilən məlumata görə, tərəfdaşların ilk görüşündə “Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqroərzaq sistemlərinin inkişaf etdirilməsi” layihəsinin məqsədləri barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan Respublikasındakı nümayəndəsinin müavini Bariz Mehdiyev bildirib ki, Zaqatala, Qax və Balakən rayonlarında yeni başlayan layihə ərzaq və kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan kiçik və orta sahibkarların məhsuldarlığını artıracaq və bazara çıxışını asanlaşdıracaq.
Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin proqram rəhbəri Rainer Freund layihənin hazırlanmasında rolu olan bütün tərəfdaşlara təşəkkür edib. “Azərbaycan inanılmaz dərəcədə zəngin aqroekoloji bölgələrə, müxtəlif iqlim tiplərinə və kənd təsərrüfatı məhsullarına malikdir. Bu məhsullardan yerli qida məmulatlarının hazırlanması ənənəsi davam edir. Avropa İttifaqında və başqa yerlərdə onilliklər, bəlkə də yüzilliklərlə qorunan bu ənənə bir üstünlük kimi istifadə edilir, yerli məhsullarla bazara çıxışı inkişaf etdirmək və rəqabət mühitini gücləndirmək vasitəsinə çevrilir”, – deyən Rayner Freund təqdim edilən layihənin də əsas ideyasının məhz bu olduğunu vurğulayıb.
Layihənin əsas tərəfdaşlarından olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə yeni layihənin əhatə etdiyi rayonlardakı fermerlərin rifahına göstərəcəyi təsir barədə məlumat verib. F.Fikrətzadə sahədən yığıldığı kimi satışa çıxarılan məhsullardan fərqli olaraq, əlavə dəyər qazanan məhsulların kəndlilərə daha çox gəlir gətirəcəyini bildirib. “Layihə bizə təkcə bir neçə dəyər zənciri yaratmağa deyil, həm də dəyər zəncirləri üzrə sistem yaratmağa imkan verəcək”, - deyə ATM direktoru qeyd edib.
Layihənin rəhbəri Yusif Axundov seçilmiş 6 ərzaq məhsulu üzrə dəyər zəncirləri yaradılacağı və istehsal olunmuş məhsulların bazara çıxışının təşkil olunacağı barədə məlumat verib. Layihə rəhbəri istehsal edilmiş məhsullara bazar tapılması üçün bir sıra dövlət və özəl qurumlarla əlaqələr qurulacağını əlavə edib.
Görüşdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, Avropa İttifaqının, Dünya Bankının, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin, bir sıra beynəlxalq layihələrin nümayəndələri, qeyri-hökumət təşkilatlarının, fermer assosiasiyalarının, özəl təşkilatların rəhbərləri iştirak ediblər. Çıxış edənlər fermerlərə məsləhət xidmətləri göstərmək üçün atılacaq addımlar, yaradılacaq innovativ platformalar barədə məlumatlar verib, beynəlxalq nümunələrdən danışıblar.
“Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqroərzaq sistemlərinin inkişaf etdirilməsi” layihəsi Avropa İttifaqı maliyyə dəstəyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəstəyi ilə həyata keçirilir.

Sosial 2020-08-06 12:42:00