×
A
A
A
Sazlamalar

Qida Təhlükəsizliyi Agentliyi AMEA ilə koronavirusun genetik kodunun oxunması istiqamətində əməkdaşlıq edəcək

Bakı, 6 avqust, AZƏRTAC 

Dünyanın koronavirusla mübarizə apardığı bir vaxtda xəstəliyin xüsusiyyətləri və ona qarşı tətbiq edilən mübarizə metodlarının elmi cəhətdən araşdırılması, eyni zamanda, genetik xüsusiyyətləri nəzərə almaqla yeni həll yollarının təklif edilməsi vacib məsələlərdəndir.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müşaviri Elxan Mikayılov “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda keçirilən beynəlxalq onlayn konfransda söyləyib. Koronavirus infeksiyasının yayılma spektri və xüsusiyyətlərinin regionlar üzrə fərqli olduğunu söyləyən müşavir bu baxımdan tədbirin elmi əhəmiyyətə malik olduğunu vurğulayıb. Qeyd edib ki, konfrans koronavirusla mübarizə tədbirlərinə qoşulmuş dövlət orqanlarının işinə də töhfə verəcək.
Bioloji blankların zərərsizləşdirilməsi məsələsindən danışan müşavir Qida Təhlükəsizliyi Agentliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə resursları səfərbər etdiyini, regionlarda olan laboratoriyalarda bioloji tullantıların zərərsizləşdirilməsi prosesində geniş istifadə olunan stasionar və modul tipli zibilyandırıcıların (inseneratorlar) fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, qeyd olunan istiqamətlər üzrə elmi araşdırmaların aparılmasının vacibliyini vurğulayıb, koronavirusun genetik kodunun oxunması ilə bağlı AMEA və Səhiyyə Nazirliyi ilə birgə İşçi qrupunun formalaşdırıldığını və layihə konsepsiyasının hazırlandığını söyləyib: “Bu konsepsiyaya əsasən, Azərbaycanda yayılan koronavirus infeksiyasının genetik kodunun oxunması istiqamətində birgə əməkdaşlıq nəzərdə tutulur”.
Bildirilib ki, Azərbaycanda yayılan bu virusun ilkin mənşəyinin müəyyən edilməsi, onun mutasiyaya uğrayıb-uğramadığının aydınlaşdırılması vacib məsələlərdəndir: “Bu, həmçinin müalicə metodlarının düzgün seçilməsinə, yoluxma səviyyəsinin müəyyənləşdirilməsinə böyük təsir edir. Əvvəllər daha çox yaşlı nəslin nümayəndələri bu virusdan vəfat edirdisə, artıq gənc nəslin nümayəndələrində də bu hallar müşahidə olunur. Ona görə də virusa yoluxan insanların genetik kodunun oxunması, buna uyğun müalicə protokollarının təyin edilməsi baxımından belə bir layihənin həyata keçirilməsi planlaşdırılır”.
E.Mikayılov vurğulayıb ki, qida məhsullarından insanlara, eləcə də heyvanlardan insanlara və ya əksinə virusun keçib-keçməməsi ilə bağlı əlavə elmi tədqiqatlar aparılmalıdır. Qida Təhlükəsizliyi Agentliyi qeyd olunan istiqamətlərdə həm AMEA, həm də digər dövlət qurumları ilə yaxından əməkdaşlıq etməkdə maraqlıdır.

Elm və təhsil 2020-08-06 12:26:00